Moskvada “World Press Photo – 2014” sərgisi açılmışdır
15.5.2014

Moskvada, “Artplay” dizayn mərkəzində “World Press Photo – 2014” Beynəlxalq fotojurnalistika müsabiqəsinin qaliblərinin işlərindən ibarət sərgi açılmışdır.

Baxışın təşkilatçıları Rusiyanın “İTAR-TASS” İnformasiya Agentliyi və “Fotodok” qeyri-kommersiya təşkilatıdır.

“İTAR-TASS” agentliyinin baş direktoru Sergey Mixaylov rəsmi açılış mərasimində demişdir: “World Press Photo – 2014” müsabiqəsi fotojurnalistika aləmində ən mötəbər və nüfuzlu baxışdır. Bu baxış fotojurnalist peşəsinin inkişaf meyillərini uzun illər irəlicədən müəyyən edir”.

Bu il “World Press Photo – 2014” müsabiqəsinin finalı fevralın 14-də Amsterdamda keçirilmişdir. Fotojurnalistika və sənədli fotoqrafiya sahəsində bütün dünyada tanınmış 19 peşəkardan ibarət müstəqil münsiflər heyəti dünyanın 132 ölkəsindən 5,7 mindən çox müəllifin 98,6 mindən yuxarı işini nəzərdən keçirmişdir.

Nəticədə 9 nominasiyada mükafatlara 25 ölkədən 53 müəllif layiq görülmüşdür.
Moskva sərgisində təqribən 200 fotoşəkil nümayiş etdirilir. “World Press Photo – 2014” sərgisinin əlaqələndiricisi Lourens Korteveqinin sözlərinə görə, bu fotoşəkillər “azad jurnalistikanın parlaq nümunələridir”.

Bu il müsabiqənin Qran-pri mükafatına ABŞ-dan olan fotoqraf Con Stenmayer layiq görülmüşdür. Onun çəkdiyi şəkildə afrikalı miqrantlar təsvir edilmişdir. Onlar xaricdəki qohumları ilə əlaqə saxlamaq üçün gecə saatlarında Cibutidə, dəniz sahilində dayanıb, yuxarı qaldırdıqları mobil telefonlarla qonşu Somalidən ucuz siqnal tutmağa çalışırlar. Cibuti Somali, Efiopiya və Eritreya kimi ölkələrdən yaxşı həyat axtarışında Avropa və Yaxın Şərq ölkələrinə getmək istəyən tranzit miqrantlar üçün keçid məntəqəsidir.

Qeyd edək ki, “National Geographic” jurnalı üçün çəkilmiş bu fotoşəkil “Müasir dövrün problemləri” nominasiyasında da birinci mükafata layiq görülmüşdür.

Moskvada “World Press Photo – 2014” sərgisi iyunun 12-dək davam edəcəkdir. Sonra bu sərgi Sankt-Peterburq, Vyana, Roma, Hamburq, Milan, Sidney, Santyaqo, Madrid, Praqa, Oksford, Makao kimi mədəniyyət mərkəzlərində və s. şəhərlərdə nümayiş etdiriləcəkdir.

AzərTAc