Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasına müxtəlif elm sahələri üzrə 500-dən çox ədəbiyyat daxil olmuşdur.
Kitabxanadan AzərTAc-a bildirmişlər ki, bunlar monoqrafik əsərlər, əsərlər külliyyatı, seçilmiş əsərlər, biblioqrafik, məlumat xarakterli və başqalarıdır.
Yeni daxil olan ədəbiyyatlar arasında tarix və ədəbiyyatşünaslığa dair əsərlər üstünlük təşkil edir. Bu nəşrlər sırasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev: Müstəqilliyimiz əbədidir” çoxcildliyinin elmi-biblioqrafik göstəricisinin 2-cildliyi, Əbdürrəhman bin Nasirin 7 cilddən ibarət Əs-Səədi “Müqəddəs Quran təfsiri”, Mir Cəlalın əsərlərinin 5-cildliyi, Gülşən Əliyeva-Kəngərlinin “Sufizm”, “Quba-Şabran folklor örnəkləri”, Xəlil Rza Ulutürkün “Məqsud Şeyxzadə və Azərbaycan dəftəri”, Valeh Hacıların “Gürcüstanda türk xalq ədəbiyyatı ənənələri”, Elnur Hüseynovun “Azərbaycan Nadir Şah Əfşarın hakimiyyəti dövründə”, Fəxri Valehoğlunun “Qarapapaqlar və onların XIX əsr hərb tarixi”, Rasim Gənzəlinin “Qurdbəşər”, “Qismətin rəngi”, “Qiyamət qopanda” Dərviş Cavanşirin “Hörün məni divarlara” şeirlər kitabı və digər müəlliflərin ayrı-ayrı əsərləri, o cümlədən bir çox monoqrafiyalar və ədəbiyyatşünaslığın müxtəlif sahələrinə dair kitablar xüsusilə qeyd edilməlidir.
Kitabxanaya daxil olan ədəbiyyatlar Azərbaycan, rus və Avropa dillərindədir. Həmçinin burada ədəbiyyat, elm və təhsil, mədəniyyət, maarif, texnika və digər müxtəlif elm sahələrindən bəhs edən nəşrlər vardır. Bütün bunlar öz növbəsində AMEA-nın Mərkəzi Kitabxananın Azərbaycan elminin başlıca informasiya mərkəzlərindən biri kimi geniş və çoxtərəfli fəaliyyətində mühüm rol oynayır.
Yeni ədəbiyyat sərgisi may ayının sonunadək nümayiş olunacaqdır.
AzərTAc