Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tələbə və məzunlara 818 boş iş yeri təqdim edib - FOTO
16.5.2014

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Qafqaz Universitetində “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə ümumilikdə 113 müəssisə tərəfindən 818 boş (vakant) iş yeri tələbə və məzunların seçiminə təqdim edilib. Boş iş yerlərinin 726-sı özəl sektora, 92-si isə dövlət sektoruna aid müəssisələrdədir. Müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyənlər üçün tədbirdə Səyyar Əmək Birjasının fəaliyyəti də təşkil olunub.

Tədbirdə tələbələrlə və ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla işəgötürənlər arasında əlaqələr yaradılıb. Tələbə və məzunlar müasir əmək bazarı, yiyələndikləri ixtisaslara əmək bazarında olan tələbat barədə məlumatlanıb, gələcəkdə işləmək istədikləri müəssisələrin nümayəndələrinə öz CV-lərini təqdim ediblər. Eyni zamanda işəgötürənlər də gələcəkdə işə cəlb etmək üçün ixtisaslı kadrlar seçmək imkanı əldə ediblər.

Qeyd edək ki, ilin əvvəlindən indiyədək tələbə və məzunlar üçün “Odlar Yurdu” Universitetində və Azərbaycan Texniki Universitetində (Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunlarının da iştirakı ilə) aktiv məşğulluq tədbirləri keçirilib. Həmin tədbirlərdə 376 nəfərə boş iş yerlərinə göndəriş verilib, 78 nəfər peşə hazırlığı kurslarına cəlb olunmaları üçün qeydiyyata alınıb. “Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbirlərinin il ərzində digər bir sıra ali təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.

APA