Dünən norveçli müğənni və skripkaçı, “Eurovision-2009” mahnı
müsabiqəsinin qalibi Aleksandr Rıbak Heydər Əliyev Mərkəzində yeni
layihəsini təqdim edib.
Heydər Əliyev Mərkəzində təqdim edilən
konsert Aleksandr Rıbak ilə tamaşaçılar arasında yaranan sıx və səmimi
münasibətlə yadda qalan olub. Tanınmış ifaçı konsertin təşkilində əməyi
olan hər kəsə, o cümlədən Heydər Əliyev Mərkəzinə və Norveçin
Azərbaycandakı səfirliyinə dərin təşəkkürünü bildirib.
Konsertdə Respublika İncəsənət Gimnaziyasının şagirdləri Azərbaycanın
görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov,
Niyazi, Vasif Adıgözəlov və Tofiq Quliyevin əsərlərini ifa ediblər.
Aleksandr Rıbak azərbaycanlı şagirdlərlə birgə müəllifi olduğu
mahnıları, o cümlədən ona “Eurovision-2009” mahnı müsabiqəsində
qalibiyyət gətirən “Fairytale” mahnısını təqdim edib. Norveçli müğənni
Bakı tamaşaçıları qarşısında, həmçinin repertuarından bir çox hitləri
səsləndirib.
Xatırladaq ki, Aleksandr Rıbak 2009-cu ildə “Fairytale” mahnısı ilə
“Eurovision” mahnı müsabiqəsində birincilik əldə etdikdən sonra dünya
turu çərçivəsində bir sıra konsertlər vermişdir. Müğənni-skripkaçı,
həmçinin müxtəlif ölkələrdə istedadlı gənclərlə birgə çıxış etmişdir.
Layihə gənc istedadlara dəstək məqsədi daşıyır.
Heydər Əliyev Mərkəzində Aleksandr Rıbakın çıxışı alqışlarla qarşılanıb.





ANS PRESS