Heydər Əliyev Fondu Bakıda iki bağçanın tikintisinə başlayıb
16.5.2014

Heydər Əliyev Fondu Bakının Pirallahı rayonunda iki bağçanın tikintisinə başlayıb.

Fondun rəsmi saytına istinadən verilən xəbərə görə, artan tələbat və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, Heydər Əliyev Fondu tərəfindən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Pirallahı rayonunda 140 və 100 yerlik iki yeni uşaq bağçasının tikintisinə başlanılıb.

S.Bağırov küçəsində inşa edilən ikimərtəbəli 140 yerlik uşaq bağçasının ümumi ərazisi 5 min kvadratmetr, sahəsi 1375 kvadratmetr, hündürlüyü isə 9,5 metr olacaq.

Digər 100 yerlik uşaq bağçası Səməd Vurğun küçəsində inşa edilir. Bu binanın da 2 mərtəbədən ibarət olması nəzərdə tutulub.

Uşaq bağçalarının tikintisinə bu ilin mayında başlanılıb və onların noyabradək istifadəyə verilməsi planlaşdırılır.

gun.az