Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 28 fevral tarixli Sərəncamı əsasında tanınmış dövlət xadimi, Əməkdar Mühəndis, SSRİ Dövlət mükafatı laureatı Əliş Ləmbəranskinin 100 illik yubileyi qeyd olunur.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Salnamə" studiyası Əliş Ləmbəranskinin yubileyi ilə bağlı "Yüz il və əbədiyyət" adlı sənədli filimin çəkilişinə başlayır.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən bildirilmişdir ki, filmin ssenari müəllifi Əməkdar Jurnalist Nadejda İsmayılova, quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi Cəmil Fərəcov, prodüseri Nazim Hüseynov, icraçı prodüseri Kamil Məmmədovdur.
Əliş Ləmbəranski respublikamızda bir sıra sənaye və mədəniyyət müəssisələrinin qurulmasında, Bakı şəhərinin infrastrukturunun təkmilləşdirilməsində böyük xidmətlər göstərmişdir. Otuz dəqiqəlik sənədli filmdə Əliş Ləmbəranskinin həyat və fəaliyyətindən, onun rəhbərliyi ilə inşa edilən və Bakı şəhərinin simasını dəyişən binalardan bəhs olunacaqdır.
Çəkilişlər Bakı, Bərdə və Moskva şəhərlərində aparılacaqdır.
Filmdə, həmçinin Azərbaycan Dövlət Filim Fondunun, Rusiya arxivlərinin foto və videomateriallarından istifadə olunacaqdır.
Əliş Cəmil oğlu Ləmbəranski 1914-cü il mayın 10-da Bərdə rayonunun Ləmbəran kəndində anadan olmuşdur. Müxtəlif sənaye müəssisələrində rəhbər vəzifələrdə çalışmışdır. Neft sənayesi nazirinin müavini, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, respublika Nazirlər Soveti sədrinin müavini vəzifələrində çalışmışdır. Heydər Əliyev Sarayı, Gülüstan sarayı, Funikulyor, Bakı Dövlət Sirki və Bakıya gözəllik bəxş edən digər binalar, sənaye və mədəniyyət müəssisələri onun rəhbərliyi ilə tikilmişdir.
Əliş Ləmbəranski 1999-cu ildə dünyasını dəyişmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
AzərTAc