“Bakı 2015” üçün yeni direktor təyin olundu
20.5.2014

“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi Kommunikasiya üzrə yeni direktor təyin edildi.

Bu vəzifəyə Vilyam Luis-Mari təyin edilib.

Luis-Mari kütləvi informasiya vasitələrinin Avropa Oyunları haqqında məlumatlılıq səviyyəsinin və dünyanın hər tərəfində yarışların işıqlandırılması dərəcəsinin yüksəldilməsi məqsədilə Kommunikasiya şöbəsinə rəhbərlik etmək üçün BEGOC komandasına qoşulub.

Məlumata görə, Fransadan olan Luis-Mari keçmiş Olimpiya Oyunları və Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FIFA) dünya çempionatına cəlb edilməsi daxil olmaqla bir sıra qurumlarda yüksək səviyyəli rəhbər təcrübəsinə malikdir.

O, BEGOC-a 160 ölkədə fəaliyyət göstərən proqressiv multi-media qrupu Trace TV-dən qoşulur. Luis-Mari Trace TV-də çempionlara həsr olunan təzə beynəlxalq kanal olan Trace Sports-un baş vitse-prezidenti vəzifəsini də tutub.

Luis-Mari təyinatla bağlı deyib ki, belə bir istedadlı komandaya qoşulmaqdan qürur duyur və qlobal miqyasda məlumatlılıq səviyyəsinin yüksəldilməsinə kömək edəcəyinə ümid edir.

“Biz Azərbaycanı elit idman növlərinin keçirilməsi üçün gözəl məkan, eləcə də müasir və dinamik Avropa ölkəsi kimi nümayiş etdirmək istəyirik. Avropa Oyunları bütün qitənin və Azərbaycan əhalisinin zövq alacağı idman bayramı olacaqdır” – deyə, yeni direktor söyləyib.

Luis-Marinin sabahdan etibarən yeni vəzifəsinə başlayacağı gözlənilir.

Gün.Az