AZAL-dan beynəlxalq mövsümi reyslər barədə – AÇIQLAMA
21.5.2014

“Azərbaycan Hava Yolları” (AZAL) iyun ayından Bakı-İzmir-Bakı, Bakı-Bodrum-Bakı, Bakı-Dalaman-Bakı, Bakı-Lvov-Bakı marşrutları üzrə mövsümi reysləri bərpa edəcək.

Bunu AZAL-ın xidmət rəisi Məhərrəm Səfərli bildirib.

O qeyd edib ki, “Azərbaycan Hava Yolları” artıq Bakı-Antalya-Bakı marşrutu üzrə də uçuşlara başlayıb.

Ümumiyyətlə, aviaşirkət mayın 20-dən etibarən beynəlxalq uçuşların sayını artırıb.

“Belə ki, Bakı-Minsk-Bakı və Bakı-Perm-Bakı aviareysi açılıb.

Mayın 21-də isə Nijni-Novqorod və Kazan şəhərlərinə də yeni reyslər reallaşacaq. Uçuşlar müasir “Aerobus-319” və “Aerobus-320” tipli təyyarələrlə həyata keçiriləcək. Avropa istehsalı olan bu hava gəmiləri istər təhlükəsizliyi, istərsə də komfortu ilə seçilir.

Təyyarələrimiz Minskə həftənin çərşənbə axşamı və bazar günləri, Permə isə çərşənbə axşamı və cümə günləri istiqamət götürəcək. Bakı-Perm-Bakı və Bakı-Minsk-Bakı marşrutları üzrə aviabiletin qiyməti 380 manatdan başlayır. Beləliklə, Perm aviaşirkətimizin təyyarələrinin uçduğu 32-ci, Minsk isə 33-cü şəhər olub”,- deyib M.Səfərli.

O bildirib ki, “Azərbaycan Hava Yolları” bu gün Perm, Nijni-Novqorod şəhərləri ilə yanaşı, Rusiya Federasiyasının paytaxtı Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk və Mineralnı Vodı şəhərlərinə də uçuşlar həyata keçirir. Eyni zamanda, mayın 20-dən Rostov şəhərinə də uçuşlar bərpa edilib. Rostova aviabiletin qiyməti 345 manatdan başlayır.

Oxu.Az