Mayın 20-də “Natəvan” qalereyasında Litvanın məşhur rəssamı Edita Suxoçkitenin “Toxunuş” adlı fərdi sərgisi açılmışdır.
Sərgi “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunmuşdur.
“Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov rəssam və sərgi haqqında məlumat vermişdir. Bildirmişdir ki, rəssam uzun müddət bütün cizgiləri, kölgələri, nöqtələri düşünür. Yalnız hər şey ürəyincə olmasına əmin olarkən iş prosesinə başlayır. Bu, onun dəst-xəttində xüsusi iz qoyur. Onun əsərlərinin maraqlı cəhəti detallara xüsusi diqqət yetirməsidir. Rəsmlərinin əsasını aydın modellər, parlaq eskiz ifadəliliyi təşkil edir.
Təşkilatçı Edita Suxoçkitenin əsərləri ilə tanış olandan sonra Azərbaycanda onun sərgisinin keçirilməsini təklif etdiklərini və rəssamın bu təklifi qəbul etdiyini söyləmişdir. O, rəssamın özünün sərgidə iştirak edə bilmədiyini diqqətə çatdıraraq bildirmişdir ki, təqdim edilən əsərlər sırf Azərbaycana aiddir və ilk dəfə nümayiş olunur. Qeyd edilmişdir ki, bu əsərlər Şərq motivi əsasında, xüsusi incəlik və məharətlə işlənmişdir.
Ekspozisiyada qrafika janrında işlənmiş “Yuxu”, “Sevgi”, “Arzu”, “İlham pərisi”, “Xatirələr”, “Düşüncə”, “Musiqi”, “Xalça ornamenti”, “Müğənni” adlı əsərləri olmaqla 22 əl işi sərgilənir.
Mayın 24-dək davam edəcək sərginin məqsədi Azərbaycan və Litva arasında mədəni əlaqələrin inkişaf etdirilməsidir.
AzərTAc