Mayın 22-də Naxçıvan şəhərində muxtar respublikanın 90 illiyinə həsr olunmuş “Naxçıvan-bəşəriyyətin beşiyi” II Beynəlxalq rəsm festivalı keçiriləcəkdir.
Mayın 21-də Rusiyadan, Türkiyədən, İrandan, İtaliyadan, Qazaxıstandan və digər ölkələrdən gələn festival iştirakçıları azərbaycanlı həmkarları ilə birlikdə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoymuşlar.
Heydər Əliyev Muzeyini ziyarət edən qonaqlar Ümummilli Liderin siyasi və ictimai fəaliyyətini əks etdirən ekspozisiya ilə tanış olmuşlar.
Bildirilmişdir ki, hazırda muzeydə 4 min 504 ədəd eksponat toplanmışdır. Həmin eksponatların əksəriyyəti ilk dəfə məhz burada nümayiş etdirilir. Muzeyin ekspozisiyası qonaqlarda böyük təəssürat oyatmışdır.
Naxçıvan Dövlət Xalça Muzeyində olan qonaqlara burada ziyarətçilərə təqdim edilən xalçalar haqqında geniş məlumat verilmişdir. Bildirilmişdir ki, muzeyin daimi ekspozisiyası içərisində 264 xovlu və xovsuz xalça, müxtəlif əl işləri, tikmələr, toxuculuq alətləri, 60 ədəd mis və saxsı qab nümayiş etdirilir.
Açıq Səma Altında Muzey, Möminə Xatın türbəsi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi ilə tanış olan qonaqlara tarixi abidələr haqqında ətraflı məlumat verilmişdir. Qeyd olunmuşdur ki, XII əsrdə memar Əcəmi Naxçıvani tərəfindən tikilmiş Möminə Xatın türbəsi dünyadakı nadir tarixi abidələrdən biridir.
Sonra festival iştirakçıları Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi və “Duzdağ” Fizioterapiya Mərkəzi ilə tanış olmuşlar. Bildirilmişdir ki, “Duzdağ” Fizioterapiya Mərkəzi dünyada bənzəri olmayan müalicə ocaqlarından biri hesab edilir.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrindən gələn rəssamlar mayın 22-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində açıq səma altında sərbəst mövzuda rəsmlər çəkəcəklər.
AzərTAc