"Real" Çempionlar Liqasının qalibi olub - Video
26.5.2014

Avropanın ən güclü klubunun adı bəlli olub.

Qitənin ən yaxşısı Çempionlar Liqasının finalında müəyyənləşib.

Avropanın ən nüfuzlu klub turnirinin həlledici matçında iki İspaniya təmsilçisi üz-üzə gəlib. Madrid təmsilçiləri “Atletiko” ilə “Real” Primerada başa çatan mübarizələrini bu dəfə qitə miqyaslı turnirdə davam etdirib.

Qonşu Portuqaliyanın paytaxtı Lissabonda üz-üzə gələn “Atletiko” ilə “Real” həlledici görüşə fərqli əhval-ruhiyyədə gəlib. Sonuncular ölkə çempionatında bürünclə kifayətləndiyindən azarkeşləri önündə günahlarını yumaqla 10-cu dəfə qitənin ən nüfuzlu turnirinin qalibi olmaq iddiasında idi.

Çempionlar Liqasının rekordçusundan fərqli, “Atletiko” heç vaxt bu qazanmadığı mükafata yiyələnməklə mövsümü daha bir titulla bitirmək istəyirdi. Az əvvəl ölkə çempionu olan Dieqo Simeonenin yetirmələri üçün qarşılaşma uğursuz başlayıb. Meydana zədəli çıxan Dieqo Kosta artıq 9-cu dəqiqədə oyunu davam etdirə bilmədiyi üçün əvəzlənib.

Lakin “Atletiko” Kostasız da qol sevinci yaşayıb. Onun adaşı Qodin fasiləyə qədər komandasını irəli çıxarıb. Uruqvaylının baş zərbəsi ilk yarıda yeganə qol olub. Bu qoldan sonra Simeonenin komandası böyük qüvvə ilə müdafiəyə çəkilsə də, hesabı qoruya bilməyib. Bərabərlik qolunu vurmaqda çətinlik çəkən “Kral klubu” yalnız matçın uzatma dəqiqələrində xilas olub. Madrid derbisinin ilk qolunda olduğu kimi yenə mərkəz müdafiəçisinin baş zərbəsi dəqiq olub. Serxio Ramos “Real”ı məğlubiyyətdən xilas edib.

Görüşün taleyini əlavə vaxt həll edib. Oyun boyu sol cinahda ağalıq edən Anxel di Mariyanın növbəti keçidi Beylin qol vurması ilə nəticələnib. Dünyanın ən bahalı transferi olan uelsli baş zərbəsi ilə hədər yerə 100 milyon avroya alınmadığını isbatlayıb. Lakin Karlo Ançelottinin komandası bununla kifayətlənməyib. Braziliyalı Marselo fərqi ikiyə çatdırıb. Cənubi amerikalı matçda ayaqla vurulan ilk topun müəllifi olub. Çünki ilk 3 qolun hamısı başla vurulmuşdu.

Ardınca isə Kriştianu Ronaldo da öz qolunu vurub. Dünyanın ən yaxşı futbolçusu penaltidən fərqlənməklə darmadağını rəsmiləşdirib. Az sonra meydanda xoşagəlməz hal yaşanıb. Simeonenin meydana girməsi ilə ara qarışıb. Sonda baş məşqçi texniki zonadan da qovulub. Bununla da bütün qolların eyni qapıya vurulduğu görüş “Real”ın əzmkar qələbəsi ilə başa çatıb. “Kral klubu” tarixində 10-cu – yubiley titulunu əldə edib. “Real” əvvəl Çempionlar kuboku adlanan Çempionlar Liqasını bunadək 9 dəfə qazanmışdı.

Çempionlar Liqası

Final
24 may

“Real” (İspaniya) – “Atletiko” (İspaniya) – 4:1 (əlavə vaxtda)

Qollar: Serxio Ramos 90+3, Qaret Beyl, 110, Marselo, 117, Kriştianu Ronaldo, 120-p. - Dieqo Qodin, 36
Baş hakim: Byorn Kuypers (Hollandiya)
Lissabon (Portuqaliya). “Benfika” stadionu

Video

APA