“Don Karlos” Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında mövsümün son premyerası olacaqdır
26.5.2014

İyunun 7-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin “Don Karlos” operasının konsert ifasında premyerası olacaqdır.

Teatrın mətbuat xidmətindən bildirmişlər ki, bu əsər Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulur.

“Don Karlos” operasının əsas süjet xəttini siyasət, fanatizm və məhəbbət təşkil edir. 1556-cı ildə imperator V Karl hakimiyyətdən uzaqlaşır və monastırda sakit bir guşəyə çəkilir.

İspaniya taxtı onun oğlu II Filippə keçir. İspaniya ilə onun əzəli rəqibi Fransa arasında kövrək sülhü möhkəmləndirmək məqsədilə Filipp öz doğma oğlu Don Karlosun nişanlısı, Fransa şahzadəsi Yelizaveta Valua ilə evlənir.
Tamaşada əsas partiyaları Azərbaycanın əməkdar artistləri - Əkrəm Poladov (II Filipp), Fəridə Məmmədova (Yelizaveta Valua) və Səbinə Əsədova (Şahzadə Eboli) ifa edəcəklər. Don Karlos partiyasını ifa etmək üçün Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Andrey Romanenko dəvət olunmuşdur.

Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.
Dahi bəstəkar C.Verdinin ən gözəl operalarından biri olan “Don Karlos”, İohann Kristoff Fridrix fon Şillerin “Don Karlos, ispaniyalı infant” dramı əsasında qələmə alınmışdır.

Operanın ilk tamaşası 1867-ci ildə Parisdə baş tutmuş və həmin vaxtdan bu əsər dünyanın bir çox opera teatrlarında böyük müvəffəqiyyətlə səhnəyə qoyulur.

AzərTAc