Los-Ancelesdə və Almaniyada 28 May - Respublika Günü qeyd edilib
26.5.2014

Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılmasının 96-cı ildönümü münasibətilə ölkəmizin Los Ancelesdəki Baş Konsulluğu geniş ziyafət verib.

Baş Konsulluğdan bildiriblər ki, tədbirdə Kaliforniya, Nevada, Nyu Meksiko, Arizona, Oreqon, Vaşinqton və ABŞ-ın bir sıra digər qərb ştatlarının təmsilçiləri, Los Anceles şəhər və vilayətinin məsul əməkdaşları, ABŞ Dövlət Departamentinin nümayəndələri, xarici dövlətlərin buradakı baş konsulları, müxtəlif Kaliforniya universitetlərinin professorları, yerli KİV təmsilçiləri, həmçinin Azərbaycan, türk, yəhudi və İran icmalarının üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev Respublika Gününün Azərbaycan üçün xüsusi önəm daşıdığını, 96 il öncə məhz bu tarixdə İslam dünyasında ilk demokratik və dünyəvi respublikanın yaradıldığını qeyd edərək, bu möhtəşəm hadisənin Azərbaycan xalqının milli dövlətçilik ənənələrinin güclənməsində müstəsna rol oynadığını bildirib.

Müstəqilliyinin bərpasından sonra Azərbaycanın tərəqqisindən danışan baş konsul, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sürətlə inkişaf etdiyini, regionun enerji, ticarət və nəqliyyat mərkəzinə çevrildiyini və beynəlxalq aləmdə mövqelərini gücləndirdiyini diqqətə çatdırıb.

Diplomat, həmçinin, son illərdə ABŞ-ın qərb ştatlarında Azərbaycan həqiqətlərinin yayılması işinin geniş vüsət aldığını və Azərbaycanın strateji önəminin yerli siyasi dairələr tərəfindən daha yaxşı anlaşıldığını bildirərək, buna misal olaraq, son iki il ərzində Arizona, Havay və Nyu Meksiko ştatları tərəfindən ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən, Qarabağın Azərbaycan ərazisi olduğunu bildirən və Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müdafiə edən qətnamələrin qəbul edildiyini deyib.

Baş konsul, həmçinin, 2013-cü ilin təkcə 3 ayı ərzində Kaliforniya parlamentinin plenar iclas zalında Azərbaycanın dövlət bayrağının iki dəfə qaldırıldığını və ölkəmizə dair rəsmi çıxışların keçirildiyini qeyd edərək, bunun Kaliforniyada Azərbaycan və onun strateji önəmi barədə məlumatlılığın artmasının bariz nümunəsi olduğunu bildirib.

Sonra çıxış edən Havay ştatının Nümayəndələr Palatasının üzvü Rida Kabanilla Azərbaycan-ABŞ strateji tərəfdaşlığının əhəmiyyətindən bəhs edərək, Respublika Günü münasibətilə Havay ştatının Nümayəndələr Palatasının spikeri tərəfindən imzalanmış bəyannaməni baş konsula təqdim edib.

Daha sonra Kaliforniya və Nyu Meksiko qubernatorları, Los Anceles vilayəti, Los Anceles, Honolulu və Monterey şəhərləri tərəfindən Respublika Günü münasibətilə göndərilmiş təbrik mesajları oxunub və müvafiq bəyannamələr təqdim edilib.

Ziyafət Azərbaycan mahnılarının səsləndirilməsi ilə davam edib.

Azərbaycanın Almaniyadakı səfirliyi də Azərbaycan Demokratik Respublikasının yaranmasının 96-ci ildönümü münasibətilə qəbul keçirib.

Tədbirə Almaniyanın ictimai-siyasi həyatının, elmi və mədəni dairələrinin, AFR XİN-in, Bundestaqın, xarici diplomatik korpusun, Azərbaycan diasporunun nümayəndələrindən ibarət təxminən 450 nəfər qonaq qatılıb.

Səfir Pərviz Şahbazov çıxışında hazırda regionda tam müstəqil xarici siyasət yürüdən ölkəmizin uğurlarından, beynəlxalq arenada artan rolundan, Azərbaycan-Almaniya münasibətlərinin hərtərəfli inkişafından, eləcə də Dağlıq Qarabağ münaqişəsindən danışıb.

Gün.Az