Mayın 26-da Müasir İncəsənət Muzeyində Nizami Rayon Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Rəsm” studiyası üzvlərinin “Bizim rəngarəng dünyamız” mövzusunda hesabat sərgisi açılmışdır.
1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təşkil edilmiş tədbirdə çıxış edən mərkəzin direktoru Lalə Qəti rəhbərlik etdiyi qurumun fəaliyyətindən geniş söz açmışdır.
Bildirmişdir ki, 1974–cü ildən Təhsil Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən mərkəz məktəbdənkənar tərbiyə müəssisəsi kimi uşaq, yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli və faydalı təşkilinə şərait yaradır.
Mərkəzin başlıca vəzifəsi dərin və hərtərəfli biliyə, bacarığa, yüksək mədəniyyətə, mütərəqqi dünyagörüşünə malik olan və onu daim inkişaf etdirən, müstəqil və yaradıcı düşünən, yüksək əxlaqi və mənəvi keyfiyyətli insan yetişdirməkdir.
Vurğulanmışdır ki, uşaq-gənclər yaradıcılıq mərkəzində 28 adda dərnək fəaliyyət göstərir. Bu dərnəklərdə 1900-ə yaxın uşaq, yeniyetmə və gənc incəsənətin müxtəlif sahələri ilə məşğul olur. Burada sənətin sirlərinə yiyələnən gənc rəssamların uğurları daha çoxdur. Onlar dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq rəsm müsabiqə və sərgilərində iştirak edərək Vətənə medallarla dönmüşlər.
Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov ölkəmizdə istedadlı gənclərin hərtərəfli inkişafı ilə bağlı həyata keçirilən mühüm layihələrdən söz açmışdır.
Nizami Rayon Uşaq - Gənclər Yaradıcılıq Mərkəzinin işini yüksək qiymətləndirən natiq demişdir ki, bu qurumun məzunları hazırda ölkəmizi mühüm beynəlxalq müsabiqələrdə layiqincə təmsil edirlər.
Tədbirdə mərkəzin “Çiçəyim” uşaq teatrı maraqlı musiqi nömrəsi ilə çıxış etmişdir.
Sonra tədbir iştirakçıları 5-18 yaşlı dərnək üzvlərinin rəsm işləri ilə yaxından tanış olmuşlar.
Sərgidə nümayiş olunan işlər milli üslubda olan kompozisiyalar, təbiət rəsmləri, sualtı aləm, nağıllara illüstrasiyalar və s. kimi mövzuları əhatə edir.
Peyzaj, miniatür, qrafika, abstrakt, portret, batika, şüşə və əl işləri kimi janrlarda çəkilmiş rəsmlər böyük maraqla qarşılanmışdır.
Mayın 27-dək davam edəcək sərgidə 100-ə yaxın rəsm nümayiş olunur.
AzərTAc