Moskvada, “Lujniki” idman kompleksinin Kiçik idman arenasında mini-futbol üzrə “Heydər Əliyev kuboku” uğrunda beşinci illik turnir keçirilmişdir. Turnir Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) tərəfindən təşkil edilmişdir.
Bu il beşinci dəfə keçirilən yubiley turnirində 24 komanda, o cümlədən Azərbaycanın Rusiyadakı səfirliyinin, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) yığma komandaları, “Qarabağ” komandası (Tofiq Bəhramovun xatirəsinə həsr edilmiş turnirin qalibi), Ümumrusiya Millətlərarası Gənclər İttifaqının, ÜAK-ın Moskva vilayət bölməsinin, RAGB-nin Kaluqa və Tuladakı regional bölmələrinin komandaları, habelə Moskva ali məktəblərində fəaliyyət göstərən Azərbaycan klublarının 17 komandası iştirak edirdi.
Turnirin təntənəli açılış mərasimində çıxış edənlər – Azərbaycanın Rusiyadakı səfirliyində humanitar məsələlər üzrə müşavir Nigar Axundova, ÜAK-ın icraçı direktoru İlqar Hacıyev və RAGB idarə heyətinin üzvü Emin Hacıyev turnir iştirakçılarını təbrik etmiş, uğurlar arzulamışlar.
Gənclər arasında belə bir turnirin keçirilməsi yaxşı bir ənənəyə çevrilmişdir. 2009-cu ildən etibarən hər il keçirilən bu turnir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum gününə həsr edilir.
Moskva Dövlət Humanitar-İqtisad İnstitutunun komandası artıq beşinci dəfə turnirin qalibi və “Heydər Əliyev kuboku”nun sahibi olmuşdur. İkinci yeri “Bakı” komandası tutmuşdur. Azərbaycanın Rusiyadakı səfirliyinin komandası və Moskva Dövlət Hüquq Akademiyasının komandası yarımfinal oyunlarının yekunlarına əsasən bürünc medallara layiq görülmüşlər.
“Ən yaxşı qapıçı” nominasiyasında Cavid İbrahimov qalib gəlmişdir. Murad Qarayev “Ən yaxşı hücumçu” hesab edilmiş, Anar Kərimov isə “Ən yaxşı oyunçu” adına layiq görülmüşdür.
Turnirin matçlarını Azərbaycanın Rusiyadakı səfirliyinin, Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin, habelə Ümumrusiya Azərbaycanlılar Konqresinin təmsilçiləri izləmişlər.
AzerTAc