ABŞ-ın Vermonte Universitetinin alimləri insanlarda iki yeni qan qrupu aşkar etmişlər. Tədqiqatçılar qırmızı qan cisimlərinin üstündə tamamilə yeni qan qrupunun yaranmasına cavabdeh iki zülal tapmışlar. Bu kəşf mütəxəssislərin özlərini təəccübləndirmişdir, çünki indiyədək insanlarda yalnız 4 əsas qan qrupu müəyyən edilmişdi. Yeni qan qrupları “Langereis” (lenceris) və “Junior” (cunior), onların yaranmasını şərtləndirən zülallar isə ABCB6 və ABCG2 adlandırılmışdır.
Layihənin rəhbəri Brayan Ballif ümidvar olduğunu bildirmişdir ki, bu kəşf təbabətdə bir çox problemləri həll etməyə imkan verəcəkdir. Tədqiqatçılar yeni zülallardan istifadə edərək sağlam qadınlarda hamiləliyin kəsilməsinin səbəblərini müəyyən edə bilmişlər. Məlum olmuşdur ki, buna səbəb ana ilə dölün immunoloji cəhətdən uyğun gəlməməsidir.
B.Ballif qanköçürmə zamanı yeni qrup qanı olan adamlarda problemlərin yarana biləcəyini də söyləmişdir.
Hazırda, ehtimal ki, 10-15 qan qrupu hələ də məlum deyildir. Bir qədər əvvəl bildirilmişdi ki, alimlər qanköçürmə zamanı təxminən 98 faiz adamlar üçün istifadə oluna biləcək universal qan sintezləşdirilməsini planlaşdırırlar. Bu qanı Bristol və Edinburq universitetlərinin alimləri gövdə hüceyrələrindən yaradırlar. Alimlərin fikrincə, belə qan 10 il ərzində yaradılacaqdır.
AzərTAc