Gələn ay Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
29.5.2014

İyun ayının 3-dən 6-dək Bakı Ekspo Mərkəzində “Caspian Oil&Gas” sərgisi keçiriləcək.

Qafqaz regionunun əsas ixtisaslaşdırılmış tədbiri olan “Caspian Oil&Gas” sərgi və konfransı 21-ci dəfə təşkil olunacaq. Bu sərgi neft-qaz hasilatı və emalı, habelə nəqletmə və loqistika, o cümlədən servis xidmətləri sahəsində qabaqcıl texnologiyaları nümayiş etdirmək üçün neft sənayesinin aparıcı mütəxəssislərini və liderlərini bir araya gətirəcək.

Sərgi sahəsinin 70%-dən çox hissəsini dünyaca məşhur şirkətlər tutacaq və onların arasında “Əsrin Müqaviləsi”nin iştirakçıları, habelə sərgi və konfransın daimi iştirakçıları olan Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ), BP, “Statoil”, “Total”, “Halliburton”, “TPAO”, “RWE” və s. kimi şirkətlər də var.

Bu il sərgidə Böyük Britaniya, Almaniya, İtaliya, Çin, Rusiya, ABŞ və Fransadan 8 milli qrup iştirak edir. Bu il sərgidə 29 ölkədən 402 şirkət və iştirakını təsdiqləyib. Bundan başqa, əvvəllər heç vaxt Azərbaycan bazarında olmayan yeni şirkətlər də sərgiyə marağın azalmadığını göstərib.

“Caspian Oil&Gas” sərgisi qısa müddət ərzində bazarın maksimum əhatə olunması, ölkənin neft-qaz sənayesinin bütün əsas subyektlərinin eyni biznes meydançasında bir araya gəlməsi, neft-qaz hasilatı və yataqların işlənməsi sahəsində ən yeni nailiyyətlərlə, o cümlədən neft məhsullarının nəqli və saxlanması üzrə texnologiya və üsullarla tanış olmaq imkanı yaradır. Həmçinin xarici şirkətlərlə əməkdaşlıq, eləcə də karbohidrogen ehtiyatlarının yerli istehsal və hasilatında yeni texnologiyaların tətbiqi üçün geniş imkanlar, dörd gün ərzində dünya neft-qaz sənayesinin aparıcı mütəxəssisləri və əsas subyektləri ilə intensiv görüşlər və danışıqlar təşkil olunacaq. Bundan başqa, əməkdaşlıq haqqında qarşılıqlı faydalı təkliflər, mütəxəssis məsləhətləri, habelə müqavilələr imzalamaq imkanı yaranacaq.

APA