Nyu-york şəhərində “The Big Apple Music Awards -2014” Beynəlxalq mükafatının təqdimat mərasimi keçirilmişdir.
Azərbaycanın Əməkdar Artisti, tanınmış rəqqas Tahir Eynullayev “Ən yaxşı kişi rəqqası” nominasiyasının qalibi elan olunmuşdur.
Bu barədə məlumat verən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Tahir Eynullayev bildirmişdir ki, bu beynəlxalq layihəyə ABŞ, Tacikistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və digər ölkələrdən tanınmış musiqiçilər qatılmışlar.
Bu mötəbər sənət yarışmasının keçirilməsinin başlıca məqsədi yeni və müasir üslubda musiqi yaradıcılığına dəstək verməkdir.
Tahir Eynullayev bayrağımızla səhnəyə çıxmış, “Atəşgah” rəqsini tamaşaçılara təqdim etmişdir. İstedadlı rəqqasımızın təqdim etdiyi rəqs kompozisiyası tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanmışdır.
Rəqqasımız təşkilat komitəsinin xüsusi dəvəti ilə layihədə iştirak etmişdir.
Təqdimat mərasimini dünyanın 75-dən çox ölkəsinin milyonlarla tamaşaçısı izləmişdir.
Tanınmış rəqqasımız bundan əvvəl Böyük Britaniya, İsveç, İtaliya və Türkiyədə keçirilmiş nüfuzlu beynəlxalq yarışlarda, müsabiqələrdə də ölkəmizi layiqincə təmsil etmiş və bir sıra mükafatlara layiq görülmüşdür.
AzərTAc