Valentino Couture, Tocca, Delpozo, Chloe
və başqa moda evlərinin yeni kolleksiyalarını nəzərdən keçirəndən sonra
aşkar etdim ki, bu mövsümün əsas dəb tendensiyası balet tərzidir. Zərif
və həssas obrazların nümayişi mükəmməl qadın incəliyini təcəssüm
etdirir. İncə beli vurğulamağa kömək edən və ombalarda nəzərə çarpan
açıq rəngli tüldən tikilən, qabarıq yubkalar uşaqlıqda mücrüdə dayanan,
ancaq musiqini işə salanda fırlanan balerina fiqurunu yada salır. Balet
həvəskarları rahatlıq tapmaq üçün tamaşalara gedə, yaxud əzələlərini
möhkəmləndirmək məqsədilə balet məşq zalına yazıla bilərlər. Və ya
sadəcə olaraq dizaynerlərin balet üslubunda hazırladığı stillərdən ilham
alaraq bir, yaxud bir neçə günlük balerinaya çevrilə bilər...
Balet üslubu modaya, Darren Aronofoskinin məşhur “Qara Qu” filmi
çəkilməzdən əvvəl daxil olub. Bu məlahətli sənət əsərindən sonra
balerina üslubuna Chanel, Valentino, Altuzarra, Chloe kimi moda evləri
tərəfindən dəfələrlə müraciət olunub. Bundan başqa qabarıq
teksturalardan, çoxqatlı büzmələrdən ibarət estetik balet tərzi faktiki
olaraq Chloe moda evinin firma üslubu olub. Baleti xatırladan, çoxqatlı
təmtəraqlı yubkalar unudulmaz Kerri Bredşou obrazından sonra populyarlıq
qazanır. Hansı ki, o, həyatının ən mühüm görüşlərinə sanki Amerikanın
Balet Teatrından çıxırmış kimi geyinməyə üstünlük verirdi.
Sizi bir anda balerinaya döndərən 3 əşya
İstənilən mağazada adi əşyaların köməyi ilə başqalaşıb balerina obrazına bürünmək düşündüyünüz qədər çətin deyil.
Əvvəlcə baletkalardan başlayaq. Baletkalar ən poetik, üstəgəl ən
rahat yay ayaqqabısıdır. Bu ayaqqabılar məhz peşəkar balet rəqqasələri
sayəsində moyada daxil olub.
İkincisi trikotaj bodilər, yaxud dar toplardır. Bədənə kip oturan bodilərin yaxası V şəklində olmalıdır.
Və nəhayət, balerina üslubunda baş rolu şəffaf tüldən tikilən
təmtəraqlı yubkalar oynayır. (Bu cür yubkaları internet mağazalarda
“tutu skirt” adı ilə də tapa bilərsiniz)
Düşünməyin ki, böyük ombalar balerina üslubunda geyinməyə icazə
vermir və bunun üçün mütləq qüsursuz bədən quruluşu, boy-buxun lazımdır.
Sadəcə siz bədən ölçülərini gizlədən fasonları və rəngləri tapmağı
bacarmalısınız. Obmalarınız iridirsə, daha az qabarıq yubka və
qatlarının minimal olmasına fikir verin. Yuxarıya isə bədənə kip oturan
deyil, daha sərbəst köynək seçmək şansınız var.












publika.az