“Patrisiya Kaasın konsertində idim... Doğrusu, əgər jurnalist həmkarlarımdan biri maraq göstərməsəydi, bəlkə də ora getməyəcəkdim... Amma... getməyimə peşman deyiləm...”
Bunu Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva Facebook sosial şəbəkəsindəki səhifəsində Patrisiya Kaasın dünən Bakıda verdiyi konsertlə bağlı fikirlərini paylaşarkən deyib.
“Heç də ona görə yox ki, hər əcnəbi sənətçi üçün ürəyimiz gedir (bu çox primitiv yanaşma olardı) ona görə ki, son illər, illər deyirəm ha... ən vicdanlı (milli musiqimizin nümayəndələri xaric) sənətkar idi”.
Zöhrə Əliyeva bu konserti bəzilərinə örnək ola biləcək bir tamaşa kimi qiymətləndirib.
“Patrisiya Kaas... Bəlkə də mən indi səhnədə gördüklərimdən təsirlənmişəm, bilmirəm, amma səhnəyə gəlişi, duruşu, hər mahnısını sanki bir dramatik aktrisa kimi bütün plastikası, emosiyaları ilə “oynaması” teatral anlamda... bütün əzalarının musiqiyə uyğun tərpənişi... bəzən mahnını oxuya-oxuya susa bilməsi... hətta ucuz həyat tərzi keçirən bir insanın sonsuz kədərini elə təbii şəkildə, heç bir ikrah hissi doğurmayacaq, amma faciəsini anlada biləcək bir şəkildə çatdırması... tərtəmiz canlı səslə üçcə nəfərdən ibarət, amma bütöv bir orkestri xatırladan ansamblı... yalnız şəxsi intellektual məzmunu və minimal dekorla səhnəni doldurması... ən təbii insanı halları ilə gah yorğun, gah enerjili görünməsi... tamaşaçıdan alqış alanda uşaq səmimiyyəti ilə kübarca, nazlanaraq təkrar alqış istəməsi... tamaşaçını sevdiyini ona etiraf etməsi.., bir sözlə, səhnədə vicdanla işləməsi, çünki bu onun işidir və bütün bunlarla öz işini də sevdiyini və əsl professional olduğunu sübut etməsi ki, sənətçi bunu hər dəfəsində publikaya göstərməlidir, bütün varlığı ilə əlahəzrət musiqiyə bağlılığı... hər gördüyünə inanmayan və təftiş edən birini də etkilədi... məncə bəzilərinə örnək ola biləcək bir tamaşa idi... Buralara gəlib bəzən tamaşaçını yola vermək istəyən az sənətçi görmədik...”, - Z.Əliyeva yazıb.
Gün.Az