Mayın 31-də Heydər Əliyev Mərkəzində “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsinin təqdimatı olub.
Heydər Əliyev Mərkəzindən verilən məlumata görə, Heydər Əliyev Fondunun layihəsi çərçivəsində tanınmış italyan modelyer Renato Balestranın Azərbaycanın milli ornamentləri əsasında hazırladığı yeni kolleksiya nümayiş etdirilib. Təqdimat mərasimində Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva iştirak edib.
Moda nümayişindən əvvəl “Müasir dəbdə Azərbaycan cazibəsi” layihəsinin fəlsəfəsi və yaranma tarixçəsini əks etdirən videomaterial təqdim olunub. Sonra isə Renato Balestranın bu kolleksiya üçün hazırladığı 40-dan çox geyim nümunəsi nümayiş etdirilib. Libasları təqdim edənlər arasında tanınmış model İrina Şeyk də səhnəyə çıxıb.
Qeyd edək ki, kolleksiyaya daxil olan geyim nümunələrində Azərbaycanın ənənəvi milli geyim naxışları və xalça ornamentlərindən, eləcə də od və nar elementlərindən istifadə olunub.
Moda nümayişinin sonunda səhnəyə çıxan modelyer Renato Balestra qeyd edib ki, qədim tarixə malik olan Azərbaycan xalqının milli naxış və ornamentlərini araşdırıb, öyrənib və onları modifakisya edərək gələcəyə yönəlik dəbə tətbiq edib. Dəfilənin təşkilinə görə minnətdarlığını bildirən modelyer Bakıya yenidən gəlmək arzusunda olduğunu deyib.
Qeyd edək ki, Heydər Əliyev Fondunun reallaşdırdığı bu layihənin məqsədi Azərbaycanın milli ənənə və dəyərlərini yaşatmaq, milli ornamentlərin müasir dəbə inteqrasiyasına təkan vermək, eyni zamanda Şərq və Avropa mədəniyyətləri arasında vəhdət yaratmaqdır.
APA