“Göy qurşağı” xeyriyyə sərgisi keçiriləcəkdir
2.6.2014

İyunun 3-də “Baku Creative Center” yaradıcılıq mərkəzinin təşkilatçılığı və “Garant Holding”in direktorlar şurasının sədri Anar Məmmədovun təşəbbüsü ilə “Göy qurşağı” xeyriyyə sərgisi keçiriləcəkdir.

“Baku Creative Center”dən bildirmişlər ki, Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə təşkil ediləcək sərgidə fiziki və əqli cəhətdən qüsurlu uşaqların əl işlərindən ibarət ekspozisiya təqdim olunacaqdır. Ekspozisiyada yağlı və sulu boya texnikalarında icra olunmuş rəsmlərdən əlavə, dekorativ tətbiqi sənət nümunələri də yer alacaqdır.

Sərgidə uşaq evləri və təşkilatlarla yanaşı, heç bir quruma aid olmayan, müstəqil şəkildə fəaliyyət göstərən əlil uşaqların işləri də sərgilənəcəkdir.

Ümumilikdə, ekspozisiyada 30-dan çox gənc istedadın 50-yə yaxın işi nümayiş etdiriləcəkdir. Qeyd etmək lazımdır ki, sərginin gedişində satış da təşkil olunacaqdır.

“Göy qurşağı” sərgisinin keçirilməsinin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan yaradıcı uşaqları dəstəkləmək, onların istedadlarını geniş auditoriyaya təqdim etməkdir.

AzərTAc