“Elmlər Akademiyası” metrostansiyasının 2-ci çıxışı nə zaman istifadəyə veriləcək?
2.6.2014

“Elmlər Akademiyası” metrostansiyasında ikinci çıxışın inşası ilə bağlı tikinti işləri yekunlaşmaq üzrədir.

Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Uzun müddətdir Bakı Dövlət Universitetinə gedən yol da bağlanıb, tələbələrin, nəqliyyatın həmin ərazidən gediş-gəlişinə ciddi mane yaranıb. Nəsimi Paşayev tikinti işlərinin nə vaxt bitəcəyinə də aydınlıq gətirib:

“Bütün birçıxışlı metro stansiyalarının ikiçıxışlı edilməsi ilə bağlı plan var. “Elmlər Akademiyası” metrostansiyasında da bir çıxış var. “28 May” stansiyasında ikinci çıxışın inşası başa çatıb. İndi isə “Elmlər Akademiyası”nda inşa olunur. İnşallah, bu il ərzində layihəni tam bitirib istifadəyə verəcəyik”.

Oxu.az