Bakıda 21-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi başlayıb
3.6.2014

Bu gün Bakıda 21-ci Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisi başlayıb.

Sərginin açılışında Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edir.

Sərgi meydançasının 70%-dən çoxu dünyaca məşhur şirkətlər tərəfindən tutulub və onların arasında bilavasitə “Əsrin Müqaviləsi”nin iştirakçıları var (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), “BP”, “Statoil”, “TPAO”, “Lukoil” və s.):
Sərginin demək olar ki, bütün debütantları əvvəllər heç vaxt Azərbaycan bazarında olmayıblar və öz bizneslərini Xəzəryanı regionda genişləndirmək üçün bu sərgidən başlanğıc platforma kimi istifadə edirlər.

Sərgi iştirakçılarının ümumi sayının 35%-ni yerli şirkətlər təşkil edir, ümumiyyətlə isə sərginin bütün ekspozisiyası üzrə artım 10%-dir.

Sərgi ilə yanaşı iyunun 4-5-də neft və qaz konfransı da keçiriləcək.
“Caspian Oil & Gas 2014” sərgi və konfransının “VIP” səviyyəli qonaqları arasında Böyük Britaniya Baş nazirinin Azərbaycanla ticarətin inkişafı üzrə xüsusi elçisi Çarlz Hendri, Norveçin neft və energetika nazirinin müavini Kare Fostervold, Türkiyənin energetika və təbii ehtiyatlar nazirinin müavini Metin Kilci, Türkiyənin nəqliyyat nazirinin müavini Firudun Bilgin Enerji Xartiyasının Baş katibi Urban Rusnak, Bolqarıstanın xarici işlər nazirliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Laçezar Matev, Robert Dadli, BP şirkətinin baş icraçı direktoru, Daniel Ştayn, ABŞ Dövlət Departamentinin Enerji məsələləri üzrə Baş məsləhətçisi və digərləri var.

Gün.Az