Bu gün Azərbaycan Dövlət Mahnı Teatrında Misir Mədəniyyət Günlərinin rəsmi aşılışı olub.
Tədbirdə xarici ölkələrin Azərbaycandakı səfirləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri açan Bakı şəhər Mədəniyyət və Turizm Idarəsinin rəhbəri Əlikram Əliyev mədəniyyət və turizm naziri adından qonaqları salamlayaraq, Azərbaycan və Misir arasında mədəni əlaqələrdən söz açıb. Onun sözlərinə görə, ilk dəfə 2005-ci ildə Misirdə Azərbaycan Mədəniyyət Günləri keçiriləndən sonra bu tədbirlər davamlı xarakter alıb.
Ə.Əliyev bir həftə ərzində insanların Misir mədəniyyəti, incəsənəti ilə yaxından tanış olacaqlarını vurğulayıb. Bildirib ki, sabah Xəzər rayonunda, daha sonra Suraxanı və Qobustanda məşhur"İsmailiyyə" folklor ansamblının çıxışları olacaq.
"Qədim mədəniyyətə malik olan Misir və Azərbaycan eyni dinə, oxşar dəyərlərə malikdirlər. Əminəm ki, mədəniyyət günləri iki ölkə arasında əməkdaşlığın inkişafına öz töhfəsini verəcək", idarə rəhbəri deyib.
Misirin Azərbaycandakı səfirinin müavini Haisam Cəlal mədəniyyət günlərini keçirilməsinə görə Azərbaycan hökumətinə, Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib. Diplomat deyib ki, iki ölkə aradında mədəniyyət baxımından oxşar cəhətlər var və onlar xalqlarımızı daha da yaxınlaşdırır.
"Misir bütün dövrlərdə tolerant dövlət olub, Azərbaycan da hər zaman tolerantlığa nümunə kimi göstərilib. Azərbaycanın son dövrlərdə keçdiyi böyük inkişaf yoluna bütün dünya şahiddir. Biz gələn il məmuniyyətlə Misirdə Azərbaycan Mədəniyyət Günləri keçirəcəyik", H.Cəlal əlavə edib.
Daha sonra "İsmailiyyə" folklor ansamblının ifasında bir-birindən maraqlı rəqs və musiqi nömrələri təqdim olunub. Ansamblın çıxışı iştirakçılar tərəfindən böyük maraqla, alqışlarla qarşılanıb.
Gün.Az