Son illərin ən yaxşı fantastik döyüş filmi - “Gələcəyin həddi”nin ilk nümayişi olacaq
3.6.2014

İyunun 4-də “Metropark” Ticarət və Əyləncə Mərkəzində jurnalistlər, ictimaiyyət nümayəndələri və bütün kinosevərlər üçün son illərin ən yaxşı fantastik döyüş filmlərindən biri kimi qiymətləndirilən “Gələcəyin həddi” bədii filmi ilk dəfə nümayiş etdiriləcək.

Baş rolları Tom Kruz və Əmili Blantın ifa etdiyi, süjet xətti Xirosi Sakuradzukinin “Sənə yeganə lazım olan – öldürməkdir” romanı əsasında canlandırılmış film Hollivudda özünü risk etməkdən çəkinməyən və qaydaları pozan insan kimi tanıtmış Daq Laymanın yeni rejissor işidir.

“Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevin verdiyi məlumata görə, bu film “Marmot günü” (“День сурка”) filmini, lakin onun döyüş variantını xatırladır. Nəfəs kəsən süjet xəttinə malik filmin qəhrəmanı irimiqyaslı döyüşlərin, zamanın burulğanının ortasına düşür.

Namiq Quliyev filmin süjet xətti haqqında da danışıb:

“Gələcəkdə Yer planetin mimikalar kimi tanınan yadplanetlilərin hücumuna məruz qalır. Yerin orduları düşmən üzərində qələbə qazanmaq üçün başqa şansın olmadığını anlayaraq birləşirlər. Podpolkovnik Keyc ilk döyüş daşladıqdan bir neçə dəqiqə sonra həlak olur. Lakin ölmədən öncə o yadplanetlilərdən birini öldürə bilir. O zaman burulğanına düşür, yenidən canlanır və öldüyü günü yenidən yaşamağa başlayır. Bu hal hər dəfə təkrarlanır”, - deyə Namiq Quliyev qeyd edib. Kinotənqidçilərin fikrincə, “Gələcəyin həddi” ağıllı, orijinal, baxımlı və son dərəcə gözəl olub son illərin ən yaxşı fantastik döyüş filmlərindən biridir. “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru vurğulayıb ki, “Gələcəyin həddi” tamaşaçılarda unudulmaz təəssürat yaradacaq. “Bu sadəcə olaraq popkorn yeyərək baxılacaq blokbaster olmayıb, möhtəşəm xüsusi effektlərdən, ulduz aktyorlardan və çoxlu sayda ssenari gedişlərindən ibarət” intellektual filmdir”, - deyə Namiq Quliyev qeyd edib.

Gün.Az