İyunun 3-də İçərişəhərdəki “Arxeoloji park”da Müasir İncəsənət Muzeyinin, “YARAT!” Müasir İncəsənət Məkanının, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin və “Da'ART” təsviri incəsənət mərkəzinin birgə təşkilatçılığı ilə uşaqların əl işlərindən ibarət sərgi açılmışdır.
“Bizim sevimli şəhərimiz” mövzusunda təşkil edilmiş sərgi Uşaqları Beynəlxalq Müdafiə Gününə həsr olunmuşdur.
Tədbirdə Müasir İncəsənət Muzeyinin icraçı direktoru Xəyyam Abdinov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin beynəlxalq əməkdaşlıq və mədəni əlaqələr şöbəsinin müdiri Anar Quliyev və “Da'ART” təsviri incəsənət mərkəzinin rəhbəri, Əməkdar Mədəniyyət İşçisi Dilarə Atakişiyeva sərgi haqqında məlumat vermişlər.
Bildirilmişdir ki, bu sərgi ilə iki ay müddətində 5-13 yaş arası uşaqlara Əməkdar Mədəniyyət İşçisi Dilarə Atakişiyeva, Nübar Şahbazova və Nadiya Taziyeva tərəfindən keçirilmiş ustad dərslərə yekun vurulur. Bu müddətdə uşaqlara kollaj, təsviri incəsənət, qrafika və tətbiqi incəsənət üzrə təcrübə öyrədilmişdir.
Diqqətə çatdırılmışdır ki, belə tədbirlər uşaqların tariximizi, mədəniyyətimizi, ənənələrimizi öyrənmələri və sevmələri baxımından böyük əhəmiyyət daşıyır.
Tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbinin və Azərbaycan Dövlət Uşaq Filarmoniyasının kollektivlərinin ifasında konsert təqdim olunmuşdur.
Sonda uşaqlara hədiyyələr təqdim edilmişdir.
Sərgidə, ümumilikdə, 100-dən çox uşağın 300-dək işi, o cümlədən rəsm, batik, kukla, əllə naxış qoyulmuş boşqablar, rəsmlər və digər əl işləri nümayiş olunur.
AzərTAc