Moskvada, “Krokus Siti Moll”da Azərbaycan modelyeri və dizayneri Orxan Sultanın uşaq geyimləri kolleksiyasının nümayişi olmuşdur.
Modelyerçi-rəssam, Parisdə Rus Rəssamları Assosiasiyasının və RF Dizaynerləri İttifaqının üzvü Orxan Sultan 30-dan çox kolleksiyanın, o cümlədən Faberjenin Pasxa yumurtalarının motivləri əsasında “Saray zərgərinin çiçək xəyalları” kolleksiyasının müəllifidir.
O. Sultanın kolleksiyaları Bakıda, Moskvanın “Rossiya” konsert salonunda, Parisdə, Baden-Badendə, Strasburqda və dünyanın digər moda paytaxtlarında uğurla nümayiş etdirilmişdir. Heydər Əliyev Sarayında fransız kuturye Kristof Roksel ilə birlikdə nümayişi olmuşdur.
Nümayişdə cəmi 30 dəst paltar - gözəl yay libasları, şalvarlı kostyumlar, yeniyetmələr üçün gündəlik geyimlər təqdim olunmuşdur. Nümayişin konseptinə görə, yayı yalnız təbii parçalardan, əsasən, ipək, şifon, pambıq, məxmər, velür, velvetdən tikilmiş paltarlarda qarşılamaq lazımdır. Kuturye ipək üzərində naxış və tikmə texnikasından istifadə edir.
Tədbirdə art-biznes və şou-biznesin, habelə KİV-lərin tanınmış nümayəndələri iştirak etmişlər.
AzərTAc