UNESCO-nun mənzil iqamətgahındakı restoranda Azərbaycan mətbəxi günləri başlayıb.
Nüfuzlu beynəlxalq təşkilatda zəngin Azərbaycan mətbəxini məşhur “Buta Palace” restoranının aşpazları təqdim edirlər.
Restoranın baş direktoru Mikayıl Zeynalov müsahibəsində Heydər Əliyev
Fondunun ölkəmizin milli dəyərlərini dünyanın ayrı-ayrı ölkələrində
təbliğ etmək məqsədilə həyata keçirdiyi müxtəlif layihələrdən söz açıb.
Bildirilib ki, hazırda Fondun UNESCO-nun və ölkəmizin bu qurum yanındakı
daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə reallaşan Azərbaycan
mətbəxi günləri həmin layihələrin tərkib hissələrindən biridir.
Sevindirici haldır ki, xalqımızın mətbəx nümunələrini təqdim etmək məhz
“Buta Palace” restoranına etibar edilib. Bu etimadı layiqincə doğrultmaq
üçün restoranın baş aşpazı Oqtay Cəfərovun rəhbərliyi altında Alim
Daşdəmirov, Anar Qubatov, Aqil Abbasov və Zaur Vazehi kimi təcrübəli
aşpazlar əllərindən gələni əsirgəmirlər.
Aşpazlarımız müştərilərə əsasən çoban, manqal və incə salatları, dovğa,
düşbərə, doğramac, üzüm və pip yarpağından hazırlanmış dolmalar, lülə
kabab və xalqımızın ən sevimli xörəyi hesab edilən şah plovu təqdim
edirlər.
Diqqətə çatdırılıb ki, müştərilər ilk gündən milli mətbəximizin
nümunələrinə böyük maraq göstərirlər. Onların sayının artması isə bunu
bir daha təsdiqləyir. Müştərilər, həmçinin ölkəmizə də böyük maraq
göstərirlər. Biz onları maraqlandıran suallara ətraflı cavab verir,
mətbəximizə dair məlumatların əks olunduğu disklər paylayırıq.
UNESCO-da Azərbaycan mətbəxi günləri iyunun 6-dək davam edəcəkdir.
UNESCO-dakı restoranın müdiri Cyril Ogapfel isə qeyd edib ki, Azərbaycan
mətbəx nümunələri ilə ilk tanışlıq, xörəklərin müxtəlifliyi və
keyfiyyəti mənim üçün sözün əsl mənasında möcüzədir. Mənə dedilər ki,
şah plov azərbaycanlıların süfrəsinin bəzəyidir. Toylarınız plovsuz
ötüşə bilməz. Bu, artıq xalqınızın qədim ənənələrinin təcəssümüdür.
Əvvəllər Aralıq dənizi sahillərində yerləşən ölkələrin, xüsusilə
İtaliya, Fransa, Livan və digərlərinin milli mətbəxi ilə tanış olduğunu
deyən Cyril Ogapfel Azərbaycan yeməklərinin dadına, çeşidinə görə
onlardan tamamilə fərqləndiyini xüsusilə vurğulayıb.
“Azərbaycanda olmasam da, ölkənizin strateji resurslarla zənginliyi
barədə geniş məlumatım vardır. Digər tərəfdən isə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun
xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunan
konsertlər və digər tədbirlər ölkəniz haqqında hamıda zəngin təəssürat
yaratmağa və məlumat əldə etməyə imkan verir”. /AzərTac/






publika.az