Bu gün Azərbaycanda Yel çərşənbəsidir. Ilin axır çərşənbələrindən
üçüncüsü olan Yel çərşənbəsi xalq arasında "Külək oyadan çərşənbə",
"Küləkli çərşənbə" kimi tanınır. Bu çərşənbə yaranış prosesinin üçüncü
mərhələsini əks etdirir. Əgər torpaq və su insan yaradılışının
materialını, maddi əsasını təşkil edirsə, od və yel bu materialın
yaradılmasında kənar vasitəçi statusunda çıxış edir.
Yel çərşənbəsində əsən isti küləklər yazın gəlişindən xəbər verir.
İnama görə, bu çərşənbədə oyanan yel, külək oyanmış suyu, odu hərəkətə
gətirir. Şifahi xalq yaradıcılığında Yelin tanrı olması ilə bağlı
müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl və s. yaranıb. Novruz
şənliklərində icra olunan Yel baba mərasimi öz kökü etibarilə qədim
əcdadlarımızın Yel tanrısına etiqadı ilə bağlıdır.
İnanclara görə, Yel baba xırmana gəlməmişdən qabaq oradan buğda, dən
götürməzlər. Sovurulmamış buğda götürənin oğlu ölər. Yeli əsdirəni
söyməzlər.