Bu gün Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq
Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin anım
günüdür.
M.Ə.Rəsulzadə 1884-cü il yanvarın 31-də Bakının Novxanı kəndində anadan olub.
Gənc yaşlarında sosial demokratlarla birgə «Hümmət» təşkilatının
yaranmasında iştirak edib. Çarizmin təqiblərinə məruz qalaraq 1909-cu
ildə İrana mühacirət etmiş Rəsulzadə bir müddət burada «İrane-nou»
qəzetinin baş redaktoru kimi çalışıb, məşrutə inqilabı yatırıldıqdan
sonra Türkiyəyə mühacirət edib.
O, 1911-ci ildə Müsavat Partiyasına üzv qəbul edilib və 4 il sonra
Müsavat Partiyası Mərkəzi Komitəsinin sədri seçilib. 1918-ci ildə Fətəli
Xan Xoyski ilə birgə Şərqdə ilk respublikanın yaradılmasını rəsmi
şəkildə elan edib. 1920-ci il aprelin 28-də bolşevik işğalından sonra
həbs edilib. Az sonra Stalinin göstərişi ilə Rəsulzadə həbsdən azad
edilərək Moskvaya aparılıb. O, Stalinin təkidlərinə baxmayaraq, Sovet
hakimiyyəti ilə əməkdaşlıqdan imtina edərək SSRİ-ni tərk edib.
Rəsulzadə 1955-ci il martın 6-da Ankarada dünyasını dəyişib və Əsri məzarlığında dəfn edilib.