Lənkəran rayonunun Vilvan kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə həsr olunan işgüzar forum çərçivəsində Lənkəran və ətraf rayonlardan olan 49 sahibkara 11,1 milyon manat güzəştli kredit verilib.
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna istinadən verilən xəbərə görə, verilmiş kreditlər əsasən, heyvandarlıq, arıçılıq, çayçılıq, əkinçilik, çörək, süfrə suyu, konserv məhsullarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq.
Bildirək ki, işgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, Lənkəranda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
80-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin, müasir suvarma sistemlərinin tətbiqi ilə intensiv bağçılıq, tərəvəzçilik və çayçılıq təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində 2127 sahibkara 108,6 milyon manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 5000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir.
“Ümumilikdə, indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1724 investisiya layihəsinin maliyyələşdirilməsinə 85,2 milyon manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistika mərkəzlərinin, quşçuluq fabriklərinin, çörək zavodlarının, üzümçülük, intensiv bağçılıq, çayçılıq, istixana təsərrüfatlarının, meyvə-tərəvəz emalı, mebel və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilmiş, 9700-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb”.
Gün.Az