Heydər Əliyev Fondunun
vitse-prezidenti, IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq
dialoq) İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın
təşəbbüsü ilə Heydər Əliyev Fondu və IDEA İctimai Birliyinin birgə start
verdiyi “Ağacların kəsilməsinə yox!” proqramı çərçivəsində “Təbiətə
təcili yardım” qaynar xətti və mobil qrupu yaradılıb.
Beləliklə, vətəndaşlar qanunsuz ağac kəsilməsi halları ilə
rastlaşdıqda, şəhər və ya mobil telefonlardan 1113 qaynar xətt
vasitəsilə şikayət və təkliflərini IDEA İB-yə çatdıra bilərlər.
Vətəndaşlara qanunsuz ağac kəsimi ilə bağlı müraciətlərini IDEA İctimai Birliyinin rəsmi internet səhifəsinə (http://ideacampaign.org/az/file_uploads_aze.html)
daxil olmaqla ünvanlamaq imkanı da verilib. Problemi daha dəqiq
işıqlandırmaq üçün ağac kəsilən ərazinin fotolarını da veb-səhifəyə
yükləmək mümkündür.
Proqram çərçivəsində yaradılmış mobil qrup daxil olan şikayətləri
yerində araşdıracaq, problemlə bağlı əlavə sübutları, foto və video
materialları toplayacaq. Şikayət və təkliflər araşdırıldıqdan sonra
toplanmış sübut və materiallar hadisə ilə bağlı qərar verilməsi üçün
aidiyyəti üzrə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər
Nazirliyinə təqdim ediləcək. IDEA göndərilən müraciətlərdə öz əksini
tapan problemlərin həlli prosesini izləyəcək.
Qeyd edək ki, IDEA-ya daxil olan bütün müraciətlər təşkilatın rəsmi veb səhifəsində (http://ideacampaign.org/az/first_aid_to_the_nature/)
xüsusi anket formalarda yer alacaq. Vətəndaşlar burada daxil olan
müraciətlərlə yaxından tanış ola, onların gedişatını izləyə biləcəklər.
APA