«Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar mehmanxanalarda yanğın təhlükəsizliyinə həsr olunmuş seminar-müşavirə keçirilib
6.3.2012

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti (DYNX) tərəfindən «Mehmanxanaların yanğın təhlükəsizliyi: vəzifələr, qaydalar və hüquqi məsuliyyət» mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə çıxış edən DYNX-in rəisi Elmar Hüseynov bildirib ki, «Eurovision-2012» mahnı müsabiqəsinin Bakıda keçirilməsi ilə əlaqədar olaraq FHN tərəfindən mehmanxanalarda yanğın təhlükəsizliyi prioritet məsələ kimi diqqət mərkəzində saxlanılır.
E. Hüseynov analoji seminar-müşavirələrin paytaxtla yanaşı, Gəncə, Qəbələ, Lənkəran, Xaçmaz və Yevlaxda da keçiriləcəyini qeyd edib.
Müşavirədə yanğınların qarşısının alınması, qabaqlayıcı tədbirlər, həmçinin bununla bağlı mehmanxana əməkdaşlarının vəzifə və məsuliyyətləri mövzusunda mühazirələr oxunub.
Daha sonra FHN-in fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib. İştirakçılara yanğın təhlükəsizliyinə zidd halların aradan qaldırılması üçün tapşırıqlar verilib, DYNX tərəfindən nəşr edilmiş «Mehmanxanaların yanğın təhlükəsizliyi» adlı yaddaş kitabçası paylanıb.

                                                                                                                                       APA