Azərbaycan YUNESKO Qeyri-Maddi Mədəni İrs Siyahısında olan nümunələrin beynəlxalq sərgisində iştirak edib - FOTO
10.6.2014

Macarıstanın Sentendre şəhərində yerləşən Skanzen Açıq Hava Muzeyində 8-9 iyun tarixlərində UNESCO-nun himayədarlığı və təşkilatçılığı ilə UNESCO Qeyri-Maddi Mədəni İrs Siyahısında olan nümunələrin sayca IV beynəlxalq sərgisi keçirilib.

Azərbaycanın Macarıstandakı səfirliyindən APA-ya verilən məlumata görə, ümumilikdə 60 hektar sahəyə malik və ərazisində 6 kənd, 2 şəhərcik salınmış Skanzen Açıq Hava Muzeyində Macarıstanın müxtəlif bölgələrinin kənd təsərrüfatı nümunələri, tikililəri, insanların yaşayış tərzi əyani şəkildə nümayiş etdirilir.

Sərgidə Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş xalçaçılıq sənəti nümunələri, ölkəmizin tarixinə, mədəniyyətinə dair kitablar, xalça toxuma sənətini özündə ehtiva edən qısa filmlər nümayiş etdirilib. Sərgi salonunun əsas hissəsində quraşdırılmış Azərbaycan guşəsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Təxminən 5 min nəfərin iştirak etdiyi tədbirdə ziyarətçilərə Azərbaycan xalçalarının tarixi, toxuma üsulları, müxtəlifliyi barəsində dolğun məlumat verilib, xalçaçılıqla bağlı kitablar hədiyyə edilib.

Tədbirin sonunda Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyevlə görüşən Skanzen Açıq Hava Muzeyinin direktoru Mikloş Çeri səfirliyin çox sayda eksponatla tədbirə qatılmasından məmnunluğunu bildirib, Azərbaycan mədəniyyətinə olan heyranlığını dilə gətirərək minnətdarlığını ifadə edib.

APA