Sultan Məşədiyev və Orxan İsrafilov Rusiyanın NTV kanalında efirə gedən məşhur prodüser Konstantin Meladzenin “Meladze ilə oxumaq istəyirəm” musiqili realiti-şousunda sınaq mərhələsini keçiblər.
Oxu.Az 1news.az-a istinadla xəbər verir ki, azərbaycanlı ifaçı Rusiyada təsadüfən tanış olduqlarını bildirib:
“Biz Orxanla Sankt-Peterburqda kastinqdə tamamilə təsadüfən rastlaşdıq. Və əgər layihədə solo iştirak etməyi düşünürdüksə, sonradan duet şəklində çıxış etməyi qərara aldıq və artıq layihənin bir neçə turunu keçmişik. Kastinqdə Aleksey Çumakovun və İvan Dornın repertuarından, eləcə də Tarkanın “Dudu” və Zamiq Hüseynovun “Sən necədə gözəlsən” mahnısını ifa etmişik. Qarşıda bizi əsas televiziya turu gözləyir. Biz artıq buna hazırlaşırıq”, - deyə Sultan Məşədiyev bildirib.
Sultan Məşədiyev və Orxan İsrafilov Azərbaycanda “Sing your song” müsabiqəsindən və müxtəlif illərdə keçirilən “Eurovision” milli seçimlərindən tamaşaçılara tanşdırlar.
Qeyd edək ki, S.Məşədiyev artıq uzun illərdir ki, Moskvada yaşayır və işləyir, O.İsrafilov isə Rusiyanın paytaxtında bir neçə il yaşadıqdan sonra Bakıya qayıdıb.
Sözügedən şounun sonunda boys-bend yaradılacaq.
Oxu.az