Bakıda Xan Şuşinski adına II respublika muğam festivalı başlamışdır
11.6.2014

İyunun 11-də Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri arasında xanəndəlik ixtisası üzrə Xan Şuşinski adına II respublika muğam festivalı başlamışdır.

Festival Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

Muğam təhsilinin inkişafı, yeni istedadların üzə çıxarılması, şagirdlərə ifaçılıq vərdişlərinin aşılanması, eləcə də onların dəstəklənməsi məqsədilə təşkil olunan festivalda iştirak etmək üçün 250-yə yaxın şagird sənəd vermişdir.

Festival bir turdan ibarət olmaqla 2 qrup (birinci qrup – 5 illik təhsil üzrə II-IV siniflər, ikinci qrup – 5 illik təhsil üzrə V sinif və 11 illik təhsil üzrə VIII-XI siniflər) üzrə Bakıda keçirilir.
İştirakçılar muğam, xalq və bəstəkar mahnıları, zərb muğam ifa edirlər. İyunun 19-dək davam edəcək festivalda günün birinci yarısında Bakı şəhərindən, ikinci yarısında isə respublikanın rayonlarından olan uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin çıxışları dinlənilir.

Festival iştirakçılarının çıxışlarını Azərbaycan Milli Konservatoriyasının dosenti, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq Artisti Aygün Bayramovanın sədrliyi ilə konservatoriyanın müəllimləri - Xalq Artisti Zabit Nəbizadə, əməkdar artistlər Gülyaz Məmmədova və Firuz Səxavət və Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyevadan ibarət münsiflər heyəti qiymətləndirir.

Seçimlərə əsasən, sonda hər qrup üzrə üç qalib müəyyən olunacaqdır.

İyunun sonunda Beynəlxalq Muğam Mərkəzində qaliblərin mükafatlandırılması mərasimi və yekun konserti keçiriləcəkdir.

AzərTAc