Bakı Musiqi Akademiyasında rus klassik musiqisi ifaçılarının VI tələbə festivalı keçirilmişdir
11.6.2014

İyunun 11-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) “Avrasiya Araşdırmaları İnstitutu” İnkişaf Fondunun Azərbaycandakı filialının təşkilati dəstəyi ilə rus klassik musiqisi ifaçılarının Rusiya Gününə həsr olunmuş VI tələbə festivalı keçirilmişdir.

Festivalda Azərbaycanın Əməkdar artistləri Rəna Əliyeva və Səbinə Əsədovanın, BMA tələbələrinin respublika və beynəlxalq müsabiqələr və Qnesinlər adına Rusiya Musiqi Akademiyası tələbələrinin ümumrusiya və beynəlxalq müsabiqələr laureatlarının ifasında rus klassikləri R.Qliyer, S.Raxmaninov, S.Prokofyev, A.Sıqankov və S.Taneyevin əsərləri səslənmişdir.

“Avrasiya Araşdırmaları İnstitutu” İnkişaf Fondunun Azərbaycandakı filialının direktoru Rauf Həsənov tədbir iştirakçılarına minnətdarlığını bildirərək demişdir ki, Azərbaycan ilə Rusiyanı həmişə möhkəm dostluq telləri bağlamışdır.

Filialın direktorunun müavini Vaqif Cavanşirov vurğulamışdır ki, rus klassik musiqisi ifaçılarının festivalının keçirilməsi Azərbaycan-Rusiya humanitar əməkdaşlığının möhkəmlənməsində böyük rol oynayır.

Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Qnesinlər adına Rusiya Musiqi Akademiyasının professor-müəllim heyətinə və tələbələrinə festivalın diplomları təqdim olunmuşdur.

Mükafatlandırılanlar arasında gənc müğənni İbrahim Nəsrullayevin adını xüsusi qeyd etmək lazımdır. O, bu yaxınlarda Kurskda “El birliyi ilə əldə olunmuş Böyük Qələbə” IV Beynəlxalq tarix-mədəniyyət forumunda uğurla çıxış etmişdir.

Azərbaycan ali məktəblərinin 12 tələbəsinə təhsildə, idmanda və s. sahələrdə qazandıqları nailiyyətlərə görə “Avrasiya Araşdırmaları İnstitutu” İnkişaf Fondunun təsis etdiyi D.İ.Mendeleyev adına təqaüdlər təqdim olunmuşdur.

AzərTAc