“Azərbaycanca–Ukraynaca, Ukraynaca–Azərbaycanca danışıq kitabçası” oxuculara təqdim olunmuşdur - FOTO
17.6.2014

Kiyev şəhərindəki Azərbaycan Gənclər Mərkəzində Ukrayna Azərbaycanlıları Gənclər Birliyinin (UAGB) təşəbbüsü və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ukrayna nümayəndəliyinin maddi dəstəyi ilə filologiya elmləri doktoru, professor Rafiq Novruzovun “Azərbaycanca-Ukraynaca, Ukraynaca–Azərbaycanca danışıq kitabçası”nın təqdimat mərasimi keçirilmişdir.

Birliyin mətbuat xidmətindən bildirmişlər ki, mərasimi açan UAGB-nin sədri Anar Tahirov hələ iki il əvvəl professor Rafiq Novruzovun rəhbərliyi ilə Azərbaycan Gənclər Mərkəzində Azərbaycan dili kurslarının keçirildiyindən söz açmışdır. Son illər ukraynalı gənclərin dilimizə böyük maraq göstərdiklərini deyən natiq təqdimatı keçirilən danışıq kitabçasının təkcə ukraynalı tələbələr deyil, eyni zamanda, ölkənin müxtəlif vilayət və şəhərlərində Azərbaycan dilində fəaliyyət göstərən şənbə-bazar günü məktəbləri üçün də qiymətli dərs vəsaiti olduğunu diqqətə çatdırmışdır.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli çıxışına ulu öndər Heydər Əliyevin “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” qiymətli kəlamı ilə başlamışdır. Azərbaycanlı diplomat ana dilimizin təbliği istiqamətində Rafiq Novruzovun müəllifliyi ilə hazırlanmış “Azərbaycanca-Ukraynaca, Ukraynaca-Azərbaycanca danışıq kitabçası”nın mühüm əhəmiyyətindən danışmış, nəşrin ərsəyə gəlməsində dəstəyə görə ARDNŞ-in Ukraynadakı nümayəndəliyinə və UAGB-yə minnətdarlığını bildirmişdir. Vurğulamışdır ki, elmi, qrammatik üslubuna görə zəngin olan danışıq kitabçası hər iki ölkə arasında gənc mütəxəssislərin hazırlanmasında, elm və təhsil əlaqələrinin inkişaf etdirilməsində müstəsna rol oynayacaqdır.
Tədbirdə Kiyev Milli Linqvistika Universitetinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Svetlana Kozak, professorlardan Tatyana Meyzerskaya, Oleq Kişişanovsk, iqtisad elmləri doktoru Möhlət Hüseynov, Yəhudi İcmaları Fondunun prezidenti Arkadi Monastırski, ARDNŞ-in Ukraynadakı nümayəndəliyinin əməkdaşı Həzi Aslanov, Ukrayna Gənclər Forumun nümayəndəsi Yana Konotopenko, Səməd Vurğun adına kitabxananın müdiri Qalina Çebotoryova və başqaları danışıq kitabçasını bu sahəyə maraq göstərənlər üçün ən dəyərli töhfə adlandırmışlar.

Mərasim iştirakçılarına minnətdarlıq edən kitabın müəllifi, Azərbaycan Dili və Mədəniyyət Mərkəzinin rəhbəri, professor Rafiq Novruzov hazırda Ukraynanın ali tədris ocaqları üçün “Azərbaycan dili” dərs vəsaitinin üzərində işlədiyini və yaxın günlərdə o kitabın da nəşr olunacağını bildirmişdir.

Qədim tarixinə və qrammatik diapazonunun genişliyinə görə Azərbaycan dilinin dünya xalqlarının zəngin dil qrupuna daxil olduğunu diqqətə çatdıran müəllif istər sözügedən danışıq kitabçasını, istərsə də bu günlərdə işıq üzü görəcək dərs vəsaitini Azərbaycan və Ukrayna xalqları arasında ədəbi ünsiyyət körpüsü adlandırmışdır.

Sonda Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli Ukraynanın ali tədris ocaqları üçün nəzərdə tutulmuş “Azərbaycan dili” dərs vəsaitinin maliyyə xərclərini səfirliyinin öz üzərinə götürdüyünü açıqlamışdır.

AzərTAc