Şahdağ Qış-Yay Turizm kompleksində iki yeni kinoteatr tikiləcəkdir
17.6.2014

Şahdağ Qış-Yay Turizm Kompleksində iki yeni kinoteatr tikiləcəkdir. Bununla da istirahətə gələn insanların asudə vaxtlarının səmərəli keçirmələri üçün geniş imkanlar yaranacaqdır.

Bu sözləri mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində demişdir.

Azərbaycanda kinoteatrların vəziyyətindən danışan nazir bildirmişdir ki, Nizami Kino Mərkəzi son illərdə maraqlı layihələr həyata keçirir. Ora gələn insanların, gənclərin sayı günbəgün artır. Bu, çox gözəl bir nümunədir.
Nazir vurğulamışdır ki, bütün dünyada kino yayımı biznes marağında olan məsələdir. Biz Azərbaycanda kino işinin genişlənməsinə, yayılmasına və inkişaf etməsinə təkan verəcəyik. Amma kino yayımı bütövlükdə dövlətin işi deyil. Bu prodüserlərin, yayım təşkilatlarının işidir. Onlar kino istehsalçılarından yayım hüquqlarını alıb yayırlar və bundan gəlir əldə edirlər.

Ə.Qarayev demişdir ki, mədəniyyət evlərinin tikildiyi bütün regionlarda kino yayımı üçün müvafiq avadanlıqlar qurulur. Həmin mədəniyyət mərkəzlərində Azərbaycan filmlərinin nümayişi, təbliğatı prosesi davam etdirilir. Kinoteatrlarda xarici filmlərin yayımına gəlincə isə, bu özəl qurumların işidir.

AzərTAc