“Nar Mobile” ənənəvi “Cannes Lions” festivalının laureatı olmuşdur
19.6.2014

“Nar Mobile” mobil operatoru Fransada keçirilən ənənəvi “Cannes Lions” festivalında uğur qazanmışdır.

Şirkətdən bildirmişlər ki, “Y&R Moscow” agentliyi ilə birgə hazırlanan “Nar donor” sosial layihəsi 61-ci dəfə təşkil edilən bu reklam festivalının “Gümüş şir” (Silver Lion) mükafatına layiq görülmüşdür.

Qeyd edək ki, mobil operatorun sosial layihəsi ölkədə qan donoru çatışmazlığı probleminin həlli istiqamətində atılmış addımdır. Layihə çərçivəsində “Android” əməliyyat sistemli smartfonların bir-birinə enerji ötürməsi üçün istehsal olunan “Nar donor” kabellərindən istifadə olunmuşdur.

Bu ilin aprel ayında Bakıda “Nar Mobile” və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə qanköçürmə aksiyaları keçirilmişdir. Azərbaycan ictimaiyyəti bu xeyirxah təşəbbüsə dəstək vermiş, 15 mindən artıq “Facebook” istifadəçisi kampaniyanın sosial şəbəkədəki səhifəsini bəyənmişdir. Nəticədə toplanan donor qanı 4 dəfə artmış, bir sıra şirkətlər kampaniyaya qoşulmaq üçün Mərkəzi Qan Bankına müraciət etmişlər.

AzərTAc