“Şah İsmayıl Səfəvi. Tarixi-diplomatik sənədlər toplusu” kitabının təqdimat mərasimi keçirilib
20.6.2014

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda bu gün “Şah İsmayıl Səfəvi. Tarixi-diplomatik sənədlər toplusu” kitabının təqdimat mərasimi keçirilib.

Elmi redaktoru Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev olan kitabın təqdimat mərasimində alimlər və mütəxəssislər iştirak edib.

Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək bildirib ki, kitab vasitəsilə İranın, Türkiyənin müxtəlif kitabxanalarından, həmçinin əlyazma fondlarından toplanmış materiallar - diplomatik məktublar, fətva və fərmanlar Azərbaycan ictimaiyyətinə ana dilimizdə ilk dəfədir təqdim olunur: "Bu toplu akademik Ramiz Mehdiyevin ali vətəndaşlıq ruhu ilə qələmə aldığı “Şah İsmayıl Xətainin siyasi irsi tarixi sənədlər işığında” məqaləsi ilə oxuculara təqdim olunur. Şah İsmayıl Xətai Azərbaycan tarixinin və dövlətçiliyinin müstəsna simalarından, görkəmli şəxsiyyətlərindən olub. O, sözün əsl mənasında Azərbaycan dövlətçiliyinə, hakimiyyətinə və idarəçiliyinə ruh verən, onu canlandıran bir insan idi. Şah İsmayıl paytaxtın mərkəz olaraq ölkənin idarəçiliyində vacib rolunu ortaya qoyub və Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparıb. Xətai nümunəsi Azərbaycan tarixinin ən müxtəlif dövrlərində həmişə bir örnək olaraq qalmış və qalacaq".

Tədbirdə görkəmli alimlərin kitabla bağlı dəyərli fikirləri dinlənilib və çıxışlar ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki, “Şərq-Qərb” nəşriyyat evi tərəfindən çap olunmuş bu nəfis tərtibatlı kitab geniş oxucu marağına səbəb olacaq və Azərbaycan tarixşünaslığında I Şah İsmayıl mövzusu ətrafında illərdir hökm sürən ciddi problemlərdən bir qisminin həllinə qismən də olsa, aydınlıq gətirəcək.

APA