İstanbul yaxınlığında, Tuzla şəhərinin tərsanələrindən birində “Palmali” Şirkətlər Qrupuna məxsus 7 min tonluq yük qabiliyyətinə malik yeni tanker suya buraxılıb.
“Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun təşəbbüsü ilə tankerə Məcid Aslanovun adı verilib.
Məcid Mənsim oğlu Aslanov 1900-cu ildə Masallı rayonunun Miyankü kəndində dünyaya gəlib.
O, Palmali Şirkətlər Qrupunun qurucusu və prezidenti Mübariz Mənsimovun babasıdır.
1941-ci ildə SSRİ-nin II Dünya Müharibəsinə qatılmasıyla Məcid Aslanov da savaşa yollanıb. Taqanroq diviziyasında döyüşən M. Aslanov 1943-cü ildə ağır yaralanmasına rəğmən geri dönməyib və Berlinə qədər çətin döyüş yolu keçib. 1945-də müharibənin bitməsinə baxmayaraq 1947-ci ilə qədər Sovet ordusunun Almaniyadakı qoşunlarında əsgərlik xidmətinə davam edib.
Onun 6 övladından olan 60 nəvəsi, 100-dən artıq nəticə və kötükcəsi bu gün dünyanın müxtəlif ölkələrində yaşamaqdadırlar. Məcid Aslanov 1993-cü ildə vəfat etmişdir.
Bununla bağlı keçirilən mərasimdə “Palmali” Şirkətlər Qrupunun birinci vitse-prezidenti Maarif Mənsimov, şirkət rəhbərliyi, bir sıra yerli və xarici qonaqlar iştirak edib.
Yeni layihəyə əsasən hazırlanan tanker daha da gücləndirilmiş dəniz funksiyasına malik olmaqla, bütün beynəlxalq daşıma tələblərinə tam cavab verir. Layihələndirmə zamanı dünya neft şirkətlərinin xüsusi tələbləri və əlavə ekoloji məhdudiyyətlər nəzərə alınıb.
Gun.az