2014-cü il iyulu 1-dən etibarən Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi əmək müqavilələrinin elektron informasiya
sistemində "Asan İmza"nın tətbiqinə başlayır.
Bunu "B.EST
Solutions" ("Asan İmza" mobil elektron imza xidmətinin operatoru)
şirkətindən deyiblər.
Əmək müqavilələrinin elektron sisteminin tətbiqi qaydaları qanunsuz
məşğulluqla mübarizə çərçivəsində Vergilər Nazirliyi ilə birlikdə
işlənib hazırlanıb. Əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik
edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata
alınması məqsədi ilə "Asan İmza" vasitəsilə bütün hüquqi şəxslər, o
cümlədən fərdi sahibkarlar Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin vahid elektron bazasına əmək müqaviləsi bildirişini daxil
edəcəklər.
Əmək müqavilələrinin vahid elektron bazasının tətbiqi nəticəsində
işçilər üçün iş yeri və əməkhaqqı ilə bağlı arayışların alınması
asanlaşacaq. Arayışda faktiki əməkhaqqı ilə bağlı informasiya əks
olunacaq ki, bu da onlayn kreditlərin verilişi prosedurunu əhəmiyyətli
dərəcədə sadələşdirmiş olacaq.
Azərbaycanda fəaliyyət göstərən sahibkarlar qüvvədə olan bütün əmək
müqavilələri haqqında məlumatları 2014-cü il 1 iyul tarixinədək Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə
daxil etməli idilər. Əks halda onları 7-10 min manat həcmində cərimə və
ya üç ilə qədər azadlıqdan məhrum edilmə cəzası gözləyirdi. Edilən
dəyişikliklərə uyğun olaraq, elektron bildirişlər bazaya təkcə əmək
müqaviləsinin imzalanması halında deyil, eyni zamanda, bu sənədə
dəyişiklik edilməsi, eləcə də onun ləğv edilməsi halında daxil
olmalıdır. Sistem tam istismara verildiyi andan bildirişlər bir gün
müddətində qeydiyyata alınacaq. İlkin olaraq, mövcud işçilərin
qeydiyyatının bu sistemin istismara verilməsinədək, yəni cari ilin 1
iyul tarixinədək başa çatdırılması planlaşdırılırdı. Lakin Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi sahibkarlara qüvvədə olan bütün əmək
müqavilələrinin qeydiyyatı üzrə əməliyyatların həyata keçirilməsi üçün
üç ay müddətində möhlət vermək qərarına gəldi.
2014-cü il iyunun 1-nə olan məlumata görə, Azərbaycanda 2,8 milyondan
çox nəfərin icbari dövlət sosial sığorta üzrə fərdi hesabı var ki, bu da
ilin əvvəlinə olan göstəricini 4,1 faiz üstələyir.
Cari ilin ilk 5 ayında Azərbaycanda əlavə olaraq 1,1 milyon sosial sığorta ödəyicisi qeydə alınıb.
Gün.Az