Suraxanı rayonunda tatar xalqının milli bayramı - “Sabantuy” təntənəli şəkildə qeyd edilmişdir - FOTO
23.6.2014

Suraxanı rayonundakı Heydər Əliyev parkında tatar xalqının milli bayramı olan “Sabantuy” təntənəli şəkildə qeyd edilmişdir.

Suraxanı Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderimizin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş və önünə əklil, tər güllər qoymuşlar.

Daha sonra bayram iştirakçıları rayondakı Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, fəaliyyət göstərdiyi 5 il ərzində Heydər Əliyev Mərkəzi rayonun ideoloji mərkəzinə çevrilmişdir. Ötən dövr ərzində burada müxtəlif mərkəzi icra orqanları, elmi institutlar, ali təhsil müəssisələri və müxtəlif təşkilatlarla birlikdə 140-dan çox tədbir keçirilmişdir.

“Sabantuy” bayramının rəsmi qonaqları Heydər Əliyev parkında tatar və Azərbaycan xalqlarının dostluğunu əks etdirən “Lənkəran akasiyası” ağacını əkmişlər.

Azərbaycan Respublikasının, Rusiya Federasiyasının və Tatarıstan Respublikasının dövlət himnləri səsləndikdən sonra milli bayram şənliyinə başlanılmışdır.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tatarların milli bayramı olan “Sabantuy”un Suraxanı rayonundakı Heydər Əliyev parkında keçirilməsinin artıq bir ənənə şəklini aldığını bildirmişdir. İ.Abbasov xüsusi vurğulamışdır ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan tatar xalqlarının dostluğu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tatarıstan Respublikası Hökumətinin nümayəndəsi, İnvestisiya İnkişafı Agentliyinin rəhbəri Linar Yakupov Tatarıstan Respublikasının Prezidenti Rüstəm Minnixanovun təbrik məktubunu oxumuşdur.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bayram iştirakçılarını salamlayaraq tatar və Azərbaycan xalqlarının dostluğunu yüksək qiymətləndirmiş və bu birliyə uğurlar diləmişdir. Bildirmişdir ki, tatar xalqının milli bayramı olan “Sabantuy”un Azərbaycanda məhz tatarların yığcam yaşadıqları Suraxanı rayonunda keçirilməsi bunun əyani sübutudur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyi Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və Tatarıstan Respublikasının Azərbaycandakı daimi nümayəndəsi Alfred Zakirov tədbir iştirakçılarını salamlamışlar.

Bayram tədbirləri çərçivəsində, eyni zamanda, Heydər Əliyev Mərkəzində milliyyətcə tatar olan iki gəncin nikahı qeydə alınmışdır. Gəncləri təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Sevinc Hüseynova gənclərə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət – Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Zərifə xanım Əliyeva kimi möhkəm təməlli və nümunəvi bir ailə qurmağı, bu müqəddəs ocağı ömürlərinin sonuna kimi qorumağı arzulamışdır. S.Hüseynova, həmçinin Suraxanı Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyəsini təqdim etmişdir.

Sonra yeni ailə quran gənclər mərkəzin qarşısında sülh rəmzi olan göyərçinləri havaya uçurtmuşlar və parkın “Gənclik bağında” “Sevən ürəklər” guşəsində ağac əkmişlər.

Bayram şənliyi konsert proqramı ilə davam etmişdir. Tatar milli mahnıları, rəqsləri, milli güləşi, yeməklər və at yürüşü nümayiş etdirilmişdir.

AzərTAc