Rəsmi orqanlar tərəfindən bu ilin dörd ayı ərzində 24,8 min nikah və 3,9 min boşanma halı qeydə alınıb.
Dövlət Statistika Komitəsinə istinadən verilən xəbərə görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə nikah və boşanmaların sayı dəyişməyərək eyni səviyyədə (müvafiq olaraq 8 və 1,3) qalıb.
Statistikaya əsasən 2013-cü ilin eyni dövründə ölkədə 24,3 min nikah və 3,8 min boşanma halı qeydə alınıb. Bu isə cari ildə ötən ilin eyni dövrü ilə müqayisədə nikahların 0,5 faiz, boşanmaların isə 0,1 faiz artması deməkdir.
Qeyd edək ki, 2014-cü il mayın 1-i vəziyyətinə görə, ölkə əhalisinin sayı 9 mln. 511,1 min nəfərə çataraq ilin əvvəlindən 34 min nəfər və ya 0,4 faiz artıb. Əhalinin sıxlığı bir kvadrat kilometrə 110 nəfər olub. Hər 1000 nəfər kişiyə 1011 qadın düşüb.
Cari ilin yanvar-aprel aylarında ölkədə 53,6 min körpə doğulub və əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,4 faiz təşkil edib. Doğulanların 53,6 faizini oğlanlar, 46,4 faizini qızlar təşkil edib.
İlin əvvəlindən ölkədə 19,9 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi dəyişməyərək eyni səviyyədə qalıb.
Gün.Az