Avqustun 17-si Azərbaycan və SSRİ-nin Xalq artisti Mülüm Maqomayevin 69 yaşı tamam olacaqdı.Azərbaycanın görkəmli opera və estrada müğənnisi Müslüm Maqomayev 1942-ci ildə Bakı şəhərində anadan olmuşdur.
Birinci dəfə 14 yaşında Dənizçilər klubunda səhnəyə qədəm qoyan M.Maqomayev ilk uğurunu 1962-ci ildə qazanmışdır. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya festivalına yollanan Müslüm oradan medalla qayıtmışdır. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” başlıqlı məqalə dərc etmişdi.
M.Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuş, Milanın “La Skala” Teatrında təcrübə keçmiş, Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaronun, “Toska” operasından Skarpianın partiyalarını hazırlamışdır.
1963-cü ildə Moskvanın P.Çaykovski adına salonunda onun ilk solo konsertinə bilet tapmaq mümkün deyildi. 1960-70-ci illərdə Müslüm Maqomayevin məşhurluğunun hüdudu yox idi, konsert salonlarındakı yerlər azlıq edir, o, stadionlarda minlərlə dinləyici qarşısında oxuyur, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılmış vallar çox böyük tirajla buraxılırdı. Onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırdılar.
Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm gətirmişdi, ona 31 yaşında SSRİ Xalq Artisti adı verilmişdi. Onun repertuarında 600-dək əsər var idi. Böyük müğənni həm də gözəl bəstəkar, bənzərsiz mahnılar müəllifi idi. Onun Xalq Şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli “Azərbaycan” mahnısı ölkəmizə ithaf olunmuş ən gözəl əsərlər sırasındadır. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilmişdir.
M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilmiş və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilmişdir.
Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat etmişdir. Böyük müğənni Fəxri Xiyabanda dəfn olunmuşdur. Bu gün böyük sənətkarın adının əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülür. Bu işlərin məntiqi davamı bu ilin iyulunda Müslüm Maqomayevin Bakıda yaşadığı evə vurulmuş xatirə lövhəsinin açılış mərasimi olmuşdur.