Qəbələdə pianoçuların II Beynəlxalq müsabiqəsi başlamışdır
16.7.2011

Heydər Əliyev Fondu tərəfindən keçirilən III Beynəlxalq musiqi festivalı çərçivəsində iyulun 15-də Qəbələ şəhərindəki “Qafqaz Resorte” otelində pianoçuların II Beynəlxalq müsabiqəsi başlamışdır.
Əvvəlcə müsabiqənin püşkatma mərasimi keçirilmiş və birinci turun dinləmələri olmuşdur.
Bu musiqi yarışmasında ABŞ, Koreya Respublikası, Çin, Türkiyə, Gürcüstan, Yaponiya, Meksika, Ukrayna və Azərbaycandan 35 yaşadək istedadlı pianoçular öz bacarıqlarını nümayiş etdirirlər. Müsabiqədə Azərbaycan gənc pianoçu Nərgiz Kəngərli ilə təmsil olunur.
Müsabiqənin davam etdiyi günlərdə iştirakçılar dünya və Avropa bəstəkarlarının əsərlərini səsləndirəcəklər. Musiqi yarışmasının zəruri proqramına, həmçinin görkəmli Azərbaycan bəstəkarı Tofiq Quliyevin “Qaytağı” əsəri daxil edilmişdir. Ümumilikdə 3 turdan ibarət olacaq pianoçuların II Beynəlxalq müsabiqəsinin birinci turu iyulun 15-16-da, ikinci turu 17-18-də, final mərhələsi isə 21-22-də keçiriləcəkdır. Finala vəsiqə qazanmış qaliblər Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə birgə çıxış edəcəklər. Müsabiqənin ilk turunda gənc pianoçular dünya şöhrətli bəstəkarlardan İ.S.Baxın “Prelüd və Fuqa” əsərini, V.M.Motsart və Y.Haydnın “Sonata”sını, F.Şopenin “Virtuoz etüdü”nü səsləndirmişlər.
Beynəlxalq müsabiqənin münsiflər heyətinə dünya şöhrətli musiqiçilər Serjio Pertikaroli (İtaliya), Xoakin Soriano (İspaniya), Manana Doijaşvili (Gürcüstan), Validə Suk (Azərbaycan – ABŞ), Oqtay Abasquliyev (Azərbaycan), Oksana Yablonskaya (ABŞ), Eynar Stin Nokleberq (Norveç), Mirtala Salazar (Meksika), Su Hyun Yu (Koreya), Ceremi Zipman Tayler (ABŞ-İngiltərə), Leonid Rozenberq (İsrail), Bey-Hua Jaklin Tanq (ABŞ-Çin) daxildirlər. Münsiflər heyətinin sədri, amerikalı pianoçu, BMT yanında Beynəlxalq İncəsənət Akademiyasının fəxri akademiki, ABŞ-dakı Culiard Musiqi Akademiyasının professoru Oksana Yablonskayadır.
Müsabiqə çərçivəsində amerikalı pianoçu Oksana Yablonskayanın rəhbərliyi ilə gənc ifaçılar üçün dünya şöhrətli musiqiçilərin və münsiflər heyətinin tanınmış üzvlərinin ustad dərsləri təşkil olunacaqdır.
Xatırladaq ki, pianoçuların I Beynəlxalq müsabiqəsi də 2009-cu ildə Qəbələdə keçirilmişdi.
Pianoçuların beynəlxalq müsabiqəsi yeni istedadların aşkarlanmasına, gənclərin peşəkarlarla görüşünə və onlardan bu sahənin incəliklərini öyrənməyə imkan verir.