Park Cinema və Avropa İttifaqı 5-ci Avropa Film Festivalına hazırlaşır
25.6.2014

Park Cinema Kinoteatrlar şəbəkəsinin diektoru Namiq Quliyev və Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin siyasət, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin müdiri Toralf Pilts arasında görüş keçirilib.
Görüşdə 2014-cü ilin oktyabr ayının ikinci ongünlüyündə Park Cinemada baş tutacaq 5-ci Avropa Film Festivalına hazırlıqla bağlı məsələlər müzakirə olunub.

Avropa İttifaqının nümayəndəsi Toralf Pilts Azərbaycanın paytaxtında keçirilməsi artıq ənənə halını almış Avropa Film Festivalının ölkənin mədəni həyatında əhəmiyyətli hadisəyə çevrildiyini qeyd edib.

“Avropa Film Festivalının Park Cinema kinoteatrlar şəbəkəsi ilə birgə əməkdaşlıq şəraitində keçirilməyə başlandıqdan sonra festival çərçivəsində nümayiş olunan filmləri daha çox insan izləməyə başlayıb. Festivalda nümayiş olunan ayrı-ayrı Avropa ölkələrinin istehsalı olan filmlərin ideyası, onların qəhrəmanlarının davranışı Azərbaycan tamaşaçılarına Avropa xalqlarını daha yaxından tanımağa imkan verir və nəticədə xalqlar arasında mədəni inteqrasiya güclənir”, - deyə T.Pilts bildirib.

O Park Cinema ilə birgə əməkdaşlıq nəticəsində Avropa Film Festivalının sanbalının daha da artdığını, onun Azərbaycanla yanaşı beynəlxalq miqyasda da mötəbər kino hadisəsinə çevrildiyini vurğulayıb.

Park Cinema kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev öz növbəsində Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi ilə qurulmuş səmərəli əməkdaşlıq münasibətlərindən məmnunluğunu ifadə edərək qeyd edib ki, xalqlar arasında mədəni inteqrasiyaya töhfəsini verən Avropa Film Festivalı həqiqətən də bu gün Azərbaycan və Avropanın həm rejissor və aktyorları, həmçinin də kinosevərləri arasında özünəməxsus mədəni körpü rolunu oynayır.

“Biz Park Cinema kinoteatrlar şəbəkəsi olaraq bu mötəbər festivalın keçirilməsində Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə əməkdaşlıq etməkdən məmnunuq. Sevindirici haldır ki, 2012-ci ildə festivala qatılmış insanların sayı 4000 idisə, ötən il bu rəqəm 6000 nəfərə çatmışdı. Kino xadimləri, eləcə də kinosevərlərin növbəti Avropa Film Festivalını səbirsizliklə gözləməyindən xəbər verən müraciətləri bu il tamaşaçıların sayının daha çox olcağını düşünməyə əsas verir”, - deyə Namiq Quliyev qeyd edib.

Namiq Quliyev ötən festivaldan keçən bir il müddətində Azərbaycanın ən geniş auditoriyaya malik Park Cinema Kinoteatrlar şəbəkəsinin keçdiyi inkişaf yolundan da bəhs edib.

“Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinemanın oktyabr ayında 4 yaşı tamam olacaq. Hazırda şəbəkə 3 kinoteatr, (Park Bulvar, Metropark, Amburan) 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Park Cinema kinoteatrlar şəbəkəsinin sayca 4-cü kinoteatrında Park Cinema Zaqulbada 4 zal, 600 kreslo var. Zalların hər biri ən son texnologiyalarla təchiz olunub. Park Cinema Fıame Tower isə şəbəkənin 5-cı kinoteatrıdır. Kinoteatrın bir zalı İMAX texnalogiya ilə təchiz olunub. 1000 oturacaqlı kinoteatr Azərbaycan kino bazarında tamamilə yeni səhifə açacaq”, - deyə Namiq Quliyev vurğulayıb.

Namiq Quliyev Park Cinema kinoteatrlar şəbəkəsinin zallarının sayının artması və texniki imkanlarının genişlənməsinin Avropa Film Festivalının daha yüksək səviyyədə təşkili və keçirilməsi üçün zəmin yaratdığını və filmlərin şəbəkənin bütün kinozallarında nümayiş olunmasına hazır olduqlarını vurğulayıb.

Ölkədə ilk yeni nəsil kinoteatrlar şəbəkəsi olan Park Cinema 16 oktyabr 2010-cu il tarixində fəaliyyətə başlayıb. Hazırda şəbəkə 3 kinoteatr, (Park Bulvar, Metropark, Amburan) 13 zal və 2200-dən artıq oturacaq yerlə təqdim olunub. Park Cinema kinoteatrlar şəbəkəsinin sayca 4-cü kinoteatrında Park Cinema Zaqulbada 4 zal, 600 kreslo var. Zalların hər biri ən son texnologiyalarla təchiz olunub. Park Cinema Fıame Tower isə şəbəkənin 6-cı kinoteatrıdır. Kinoteatrın bir zalı İMAX texnologiya ilə təchiz olunub. 1000 oturacaqlı kinoteatr Azərbaycan kino bazarında tamamilə yeni səhifə açacaq.

Şəbəkənin kinoteatrlarında ən son texnologiyalardan istifadə olunmuş və kinoproyeksiya sahəsində təqdim olunmuş aparıcı brendlərdən olan avadanlıqlar quraşdırılıb. Şəbəkə və repertuar haqqında ətraflı məlumatı www.parkcinema.az saytından və Facebook sosial şəbəkə səhifəsindən http://www.facebook.com/ParkCinema əldə etmək olar.

Gün.Az