Moskvadakı Müasir İncəsənət Muzeyində Azərbaycanın gənc rəssamlarının “ASTAR” adlı sərgisi açılmışdır - FOTO
27.6.2014

Moskvadakı Müasir İncəsənət Muzeyində IV Moskva Beynəlxalq Gənc Sənət Biennalesi çərçivəsində Azərbaycanın gənc rəssamlarının “ASTAR” adlı sərgisi açılmışdır.

Sərgi layihəsini Aida Mahmudova tərəfindən təsis olunmuş “YARAT!” müasir incəsənət məkanı təqdim edir. Builki biennalenin əsas kuratoru britaniyalı məşhur sərgi təşkilatçısı Devid Elliottdur. O, sərginin ümumi mövzusunu “Xəyala dalmaq dövrü” kimi ifadə etmişdir.

Sərgidə azərbaycanlı rəssamlardan Emin Əzizbəyli, Təhminə Əli, Fərhad Fərzəliyev, Lalə Qasim, Sitarə İbrahimova, Samir Salahov, Zamir Süleymanov, Elturan Məmmədov, Fidan Seyidova, Aqil Abdullayev və Nəzrin Məmmədovanın rəngkarlıq, installyasiya, kollaj və başqa janrlarda yaradıcılığı təmsil olunmuşdur.

Moskva müasir incəsənət muzeyinin baş direktoru Mixail Minden tədbiri açaraq vurğulamışdır ki, biennalenin “Xəyala dalmaq dövrü” adlanması heç də təsadüfi deyil. O demişdir: “Pavilyonların birindən digərinə keçəndə elə təsəvvür yaranır ki, tamaşaçı xəyallar məkanındadır. Bütün layihələr müxtəlif, bəzən hətta gözlənilməzdir. Bununla belə onlar küll halında pazl kimi, müasir gənclərin incəsənət xalçası kimi təsir bağışlayır”.

Rəssam Arseni Sergeyev demişdir: “Bur sərgidə Azərbaycan mədəniyyətinin spesifikası tamam başqa səpkidə göstərilir. Əsərləri burada nümayiş etdirilən rəssamlar özlərini bütün dünyanın, Avropa sivilizasiyasının nümayəndələri kimi hiss edirlər. Axı Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu məkandır”.

“YARAT!” birliyinin icraçı direktoru Fərid Abdullayev Azərbaycan gənclərinin sənətini nümayiş etdirmək imkanına görə “YARAT!” müasir incəsənət məkanının rəhbəri Aida Mahmudovanın adından sərginin təşkilatçılarına təşəkkür etmiş, birliyin fəaliyyəti və layihələri barədə məlumat vermişdir.

Qeyd edək ki, iki ildə bir dəfə keçirilən Moskva beynəlxalq gənc sənət biennalesi müasir incəsənət sahəsində ən iri layihələrdən biridir. Sərgi avqustun 10-dək davam edəcəkdir.

AzərTAc